“Agent qalmaqalı” davam edir - Xoşqədəm məsuliyyətə cəlb oluna bilərmi?
Şairə Nazilə Səfərli ilə teleaparıcı Xoşqədəm Hidayətqızı arasındakı “Agent qalmaqalı” davam edir. Xəbər verdiyimiz kimi, N. Səfərli Prezident İlham Əliyevə müraciət edib. Müraciət onun qalmaqal yaşadığı X. Hidayətqızı ilə bağlı olub. Şairə bildirib ki, Xoşqədəm onun universitet tələbəsi olan övladlarını təqib etdirir. N. Səfərli övladlarının həyatının təhlükədə olduğunu bildirərək dövlət başçısından kömək istəyib.
Şairə açıqlamasında artıq hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib:
“Hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Cavab da gəlib, sadəcə məxfi saxlayıram, araşdırma başlayıb”.
Bəs görəsən, Nazilə Səfərlinin Xoşqədəmlə bağlı iddiaları doğrudursa, onu cəza gözləyirmi? Ümumiyyətlə, kimisə təqib etdirməyin qanunda hansı cəzaları var? Bunu etdirən şəxs məsuliyyətə cəlb oluna bilərmi? Məsələ ilə bağlı hüquqşünas Şəmsəddin Əliyevlə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında hüquqi baxımdan heç kimə kimisə təqib etdirməyə icazə verilmədiyini deyib:
“Təbii ki, kimisə izlətdirməyə heç bir hüquq, heç bir qanun icazə vermir. Təqibetmə yalnız cinayətkarın cinayət qanunvericiliyi ilə mümkün olur. Başqa hallarda isə əgər ölümlə hədələyib təqib etdirilirsə, bu, cinayətə cəhd kimi qiymətləndirilir və ona qarşı hər hansı cəza tətbiq edilməsi, məsuliyyətə cəlb edilməsi mümkündür.
Məxsusi olaraq kimisə izlətdirməklə bağlı bir maddə yoxdur, amma hədə-qorxu gəlirsə, reketlik edirsə, bu zaman həmin şəxs məsuliyyətə cəlb edilir. Onun bu hərəkəti cinayətə və ya təhlükəli əmələ cəhd kimi qəbul olunur. Baxır hansı məqsədlə insan təqib etdirilir.
Təbii ki, hər bir ictimai təhlükəli əməlin özünün cinayət məcəlləsində ehtiva edilən maddəsi var və həmin maddəyə uyğun olaraq ağırlıq dərəcəsinə görə məsuliyyətə cəlb oluna bilər. Bunun üçün də prosesual araşdırmalar lazımdır. Həmin şəxs və ya şəxsləri dindirmək lazımdır və əgər kifayət qədər şübhələr, yaxud əsaslar varsa, həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına cinayət qanunvericiliyi imkan verir”.
Xatırladaq ki, N. Səfərli övladlarını izləyən şəxsin də Bakı Dövlət Universitetində təhsil aldığını deyərək onu ifşa edib.
958 dəfə oxundu