Dədə Süleyman evini niyə Nanəyə vəsiyyət etdi?

Dədə Süleyman evini niyə Nanəyə vəsiyyət etdi?
Ötən gün dünyasını dəyişən əməkdar artist Dədə Süleyman adı ilə tanınan Süleyman Abdullayevin vəsiyyəti ortaya çıxıb. Belə ki, qızı Aygün Abdullayeva bildirib ki, atası Fizuli rayonunun Qoçəhmədli kəndindəki ata-baba evini aparıcı Nanə Ağamalıyevaya verilməsini vəsiyyət edib.

Moderator.az-a açıqlama verən sənətkarın qızı bunları bildirib.

“Bu atamın sadəcə 3 vəsiyyətindən biri idi. Dünyasını dəyişməzdən öncə məni yanına çağırıb dedi ki, 3 vəsiyyətim var. Dedi ki, məni həyat yoldaşımın yanında dəfn edin. Birdən fəxri xiyanabana aparmaq istəsələr, qoymayın. Daha sonra yaşadığı evi mənə bağışladı. 3-cü vəsiyyəti də o idi ki, Qoçəhmədli kəndindəki evi Nanəyə verərsiniz. O bu sözü dəfələrlə efirdə, müsahibələrində də demişdi ki, kənddəki evi Nanəyə verirəm. Bu sözü ilk dəfə deyil ki, tamaşaçılar eşidir. Mən də qızı kimi halallığımı verirəm. Atam hər zaman deyirdi ki, nə vaxtsa öləcəyəm, qorxma! Xəstəxanada reanimasiyada idi, dedi ki, məni evimə apar. Sağ olsun, xəstəxana rəhbərliyi onu evə gətirməyimə icazə verdi. Səhər saat 10-11 arası o dünyasını dəyişdi” deyə sənətkarın qızı bildirib.

Əməkdar artist Cabir Abdullayev bildirib ki, Dədə Süleyman bu sözü onunla bir efirdə qonaq olarkən deyib.

“Bir dəfə Nanə xanımın verilişində Dədə Süleymanla birlikdə efirdə idik. Fizuli və Qoçəhmədli kəndi artıq işğaldan azad edilmişdi. Bu sözü Nanə xanıma efir vasitəsilə dedi. Dedi ki, “Nanə, Fizulinin Qoçəhmədli kəndindəki evimi sənə bağışlayıram”. Təbii ki, bu da Nanə xanımın ona böyük diqqət və qayğısının nəticəsi idi. Nanə xanım onu hər zaman yada salırdı. Müəllifi olduğu “Günün sədası” və “Nanəli” verilişlərində ona silsilə buraxılışlar həsr etmişdi. Sənətkarlar müəyyən yaş dövrünə çatandan sonra diqqət istəyirlər. Ümumiyyətlə Nanə xanım nəinki Dədə Süleymana, bütün sənətkarlara qarşı çox diqqətlidir. Mən bunun əyani şahidiyəm. Şəxsən mənə qarşı da hər zaman diqqətli olub. Allah ondan razı olsun. Onun verilişlərində heç vaxt hansısa sənətkarlardan təmənna güdülməyib. Dədənin ölüm xəbəri məni həqiqətən də qəmə düçar etdi. Süleyman Abdullayev ölməz sənətkardır, heç vaxt xalqın yaddaşından silinməyəcək. Həm gözəl, sadə bir insan, həm də gözəl səs sahibi idi. “Dədə” ləqəbini hər insana demirlər, bunu qazanmaq da çətindir. Süleyman Abdullayev 100 illərlə xalqımızın yaddaşında yaşayacaq. Qeyri-adi avazı var idi. Biz hamımız onun səsindən bəhrələnmişik. Muğam aləmində təkrarolunmaz bir xanəndə, bir səs idi. O sadəcə dünyasını dəyişib, heç vaxt xalqın yaddaşından, qəlbindən silinə bilməz” deyə xanəndə bildirib.

Xalq artisti, tarzən Ramiz Quliyev isə bildirib ki, ən yaxın sənət dostunu itirib.

“Bir şeyə təssüflənirəm ki, o işğaldan azad olunmuş ana yurdunu, doğma Fizulini, Qoçəhmədli kəndini görmədən dünyadan köçdü. Onunla çox tədbirlərdə, el şənliklərində birgə olmuşuq. Heç vaxt Süleyman Abdullayevin yorulduğunu görmədim. O muğamla, gözəl ifaları ilə hər zaman xalqımıza xidmət edib. Səsi təkrarolunmaz idi” deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1015 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...