Kombinatının direktorunu qətlə yetirənlərə üst-üstə 60 il həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taxıl kombinatının direktoru Qalib Bağırovu xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunanlar – Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Gundeminfo.az yazır ki, virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edib.
Prosesdə dövlət ittihamçısı müttəhimlərin hərəsinə 20 il müddətinə həbs cəzası verilməsini tələb edib. Zərərçəkmiş, qətlə yetirilən şəxsin qardaşı Elşən Bağırov çıxış edərək, müttəhimlərin ömürlük həbs cəzasına məhkum olunmalarını istəyib. Məhkəmədə müttəhimlərə hökm oxunub, Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynova hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi 8 yanvar 2016-cı ildə Hövsan qəsəbəsi, Bağlar massivində baş verib. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Bağırov yaşadığı mənzildə amansızlıqla qətlə yetirilib. Q.Bağırova çoxsaylı bıçaq zərbləri endirən qatillər sonra onu iplə boğublar. Mənzildən 300 manat, 30 avro, 10 dollar, 10.000 Belarus rublu məbləğində pulu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürülüb.
İstintaq zamanı qətlin tamah məqsədilə törədildiyi məlum olub. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Mübariz Əliyev və dəfələrlə məhkum olunaraq 20 ilə yaxın cəza çəkmiş Ehtiram Həsənov ilkin ifadələrində 52 yaşlı Qalib Bağırovu tamah məqsədi ilə öldürdüklərini bildiriblər.
Təqsirləndirilən şəxslər mənzilə pul və qızıl-zinət əşyaları götürmək məqsədilə girdiklərini etiraf ediblər.
E.Həsənov istintaqa verdiyi ifadəsində Q.Bağırovun evinin yerini birgə yaşadığı qadından öyrəndiyini deyib.
Qətldə əli olan digər şəxs isə Ehtiramın qeyri-rəsmi arvadı Mahnurə Hüseynovanın keçmiş əri, Astara rayon sakini Mübariz Əliyevdir.
M.Hüseynova hazırki sevgilisi ilə keçmiş ərinə imkanlı adam kimi tanıdığı Qalib Bağırovun evini qarət etməyi təklif edib. O, evi göstərdikdən sonra ərazidən uzaqlaşıb. Mübarizlə Ehtiram isə ev sahibinin qapını açması üçün səhər saatlarını gözləyiblər. Sübh vaxtı Qalib Bağırov evindən çıxıb işə getmək istəyən zaman sifətlərini maska ilə bağlayan Ehtiramla Mübariz onu içəri salıblar və bıçaqla xəsarət yetiriblər.
İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər daha əvvəl də bir neçə mənzildən oğurluq ediblər. Mərhum Q.Bağırov Taxıl Kombinatının direktoru olub. Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
270 dəfə oxundu