Yaxın Şərqdən ABŞ-dakı prezident seçkilərinə yaxın baxış…

Onlar üçün hansı namizədin daha uyğun olduğunu söyləmək çətindir…
ABŞ-da prezident seçkiləri artıq finişə yaxınlaşır. Namizədlər müxtəlif məsələlərlə bağlı seçicilərə öz proqramlarını və fikirlərini teleekranlarda, mitinq və toplantılarda dilə gətirirlər. Lakin dünyanın ən qüdrətli dövlətinin 1-ci şəxsi uğrunda yarış, təbii ki, yalnız ABŞ vətəndaşlarının diqqətində ola bilməz. Bütün dünya həyəcanla bu seçkinin nəticələrini həyəcanla gözləyir. Burada Yaxın Şərq ölkələri xüsusilə qeyd edilməlidir.
Musavat.com xarici mətbuata istinadən ABŞ-da prezident seçkiləri ilə bağlı Yaxın Şərq dövlətlərinin mövqeyi barədə yazını təqdim edir. Qeyd olunur ki, həm Hillari Klinton, həm də Donald Trampın xarici siyasət üzrə fəaliyyət proqramlarının böyük bir hissəsi məhz Yaxın Şərq ölkələrindəki situasiya və ABŞ-ın bununla bağlı yürüdəcəyi siyasətə həsr olunub. Donald Tramp ABŞ-ın bu regionla bağlı siyasətinin iflas olduğunu söyləyərək bununla bağlı bütün məsuliyyəti Barak Obama adminstrasiyasının və təbii ki, bu adminstrasiyada 4 il dövlət katibi olan Hillari Klintonun üzərinə yıxır.
Trampı nə qədər sevməsələr də Respublikaçılar partiyasından olan digər həmkarları bu məsələdə onunla həmrəylik nümayiş etdirirlər. Xüsusilə Arizona ştatından olan senator Con Makkeyn Obama iqtidarının xarici siyasəti ilə bağlı tənqidlərini bu aralarda şiddətləndirib. Makkeynin tənqidləri 2008-2012 ci illərdə ABŞ-ın xarici siyasət kursuna rəhbərlik edən Hillari Klintondan da yan keçməyib.
Makkeynin sözlərinə görə, ABŞ-ın indiki adminstrasiyasının Yaxın Şərq siyasətinə “son hökm”ü tarixçilər verəcək. “Lakin mənim fikrimcə, bu siyasət tam fəlakət olub”,- deyə o mətbuata bildirib. Respublikaçı senator prezident Barak Obamanı “dünyanın strateji cəhətdən ən mühüm regionu”nun problemlərindən üz döndərməkdə ittiham edib. “8 il ərzində bu iqtidar Yaxın Şərqdə illər boyu qurulan düzənin yıxılması üzərində nəzarəti həyata keçirib. Xaos o dərəcəyə gəlib çatıb ki, regionda döyüş meydanını xatırlatmayan və ya bu döyüşün iştirakçısı olmayan bir dövlət qalmayıb”,- deyə Makkeyn qeyd edib.
Trampın və ona yaxın çevrənin Obama-Klinton ikilisinə olan iradları isə aşağıdakılardan ibarətdir: Obama və Klinton Yaxın Şərqdə yaranan vakuumun əsas səbəbkarlarıdır ki, bu böşluq hazırda ABŞ-ın düşmənləri tərəfindən doldurulub. Bundan başqa, son 8 ildə regionda ABŞ-ın ənənəvi strateji partnyorlarının yerinə daha çox düşməni peyda olub.
Bundan başqa, respublikaçılar Obama adminstrasiyasının İŞİD-ə qarşı yürütdüyü mübarizənin kifayət qədər yetərli olmadığını düşünürlər. Son rəy sorğuları da amerikalıların təhlükəsizliklərinə əsas təhdid olaraq bu gün İraq və Suriyada möhkəm bazalara malik olan İŞİD terrorçularını gördüklərini göstərir. Onların fikrincə, İŞİD artıq bu ölkələrdən ABŞ şəhərlərinə qona bilib və dünyanın ən qüdrətli dövlətində ard-arda baş verən terror aktları bunu göstərir.
Donald Tramp isə Obama və Klintonun İŞİD-in əsas valideynləri olduğunu iddia edib. Onun fikrincə, Obama və Klintonun günahı üzündən 2008-ci ilə qədər heç kimə məlum olmayan İŞİD adlı təşkilat dünyanın ən böyük kabusuna çevrilməyə nail olub. Tramp qərargahının bu fikri ilə Yaxın Şərqin, demək olar ki, bütün dövlətləri razılaşsa da onlar ən azı yaxın 4 ildə “Böyük ağa”ya başçılıq edəcək şəxslərdən hansına üstünlük verilməsi ilə bağlı ciddi tərəddüd keçirirlər.
Səudiyyə Ərəbistanı Klintona üstünlük verir. Əlbəttə, Səud sülaləsinin xanım Klintondan tam olaraq razı olduğunu söyləmək mümükün deyil. Ən azı prezidentin qadın olması onları bəzi məsələlərdə, xüsusilə yüksək səviyyəli görüşlərdə çəkindirə bilər . Məsələn, Klinton görüş zamanı başını örtməyə bilər. Lakin bunlar hamısı Səudların Kintondan gözləntiləri qarşısında xırda məsələlərdir.
Çünki demokrat namizəd onlar üçün bir çox amil baxımından daha münasib görünür. Trampı isə ən azı biznesmen olmaq xaricində tanıyan yoxdur və onun gələcəkdə hansı addımlar atacağını təxmin etmək daha çətindir. Onu da nəzərə almaq lazımdır ki, Ər-Riyad və Vaşinqton arasında münasibələrdə 2013-cü ilin sonundan , yəni Hilllari Klintonun dövlət katibi postunu tərk edən vaxtdan ciddi soyuqluq müşahidə olunur. Klintonun Vaşinqton siyasətinin ən yüksək təpəsinə qalxması münasibətləri əvvəlki mehriban məcrasına qaytara bilər. Bundan başqa, Vaşinqton ilə köhnə dövrlərdə olduğu kimi, Yaxın Şərq məsələlərində Səudiyyə Ərəbistanı ilə yenidən yaxınlaşa bilər.
Qeyd edilir ki, ABŞ-ın İran körfəzində 1 nömrəli müttəfiqinin maraqları Obama administrasiyası tərəfindən həmişə nəzərə alınıb. Xatırladaq ki, bu il Obama Konqresdə yekdilliklə qəbul edilən, 11 sentyabr qurbanlarının valideynlərinin Səudiyyə Ərəbistanını məhkəməyə verməsinə yol açacaq qanun layihəsini veto edib. Ər-Riyad Klintonun öz sələfinin siyasətini eyni tərzdə davam etdirəcəyinə ümid edir. Bu səbəbdən Klintonun seçki kampaniyasına Səudiyyə fondlarından böyük səxavətlə yardım edildiyi qeyd olunur.
Bundan başqa, Hillari Klinton ABŞ-la Səudiyyə Ərəbistanı arasında sıx hərbi-texniki əməkdaşlığın qızğın tərəfdarlarından biridir. Bu isə ABŞ hərbi-sənaye kompleksi üçün əsas bazarlardan birinə çevrilən krallığın əlində güclü silah hesab olunur.
İran məsələsini Obama administrasiyası özünü əsas xarici uğurlarından biri sayır. Hərçənd Tramp İranla imzalanan nüvə sazişini Obamanın iranlılar qarşısında güzəşti kimi qiymətləndirərək bunu rəzalət adlandırıb. Klinton isə çıxışlarında İran tərəfindən imzalanan sazişlərə riayət edilməsinə diqqətlə yanaşacağını söyləyib.
Klintonun “inanma və yoxla “ siyasəti Tehranın qədim düşmənlərindən Ər-Riyadın da ürəyincə sayıla bilər. Doğrudur, İrandan ötrü “Ər-Riyad üçün pis olan Tehrana yaxşıdır” prinsipi hökm sürsə də, hər halda Klinton məsələsində rəsmi Tehran bir qədər ayrı düşünür. Burada Klintonun rəqibi Donald Trampa nisbətən Yaxın Şərqin iki rəqib dövləi üçün daha proqnozlaşdırılan lider olaraq görülməsinin böyük rolu var.
Trampdan hər şey gözləmək olar. O, İranla hərbi konfrontasiyadan tutmuş onunla daha açıq sülh danışıqlarına qədər hər şeyə gedə bilər. Bununla yanaşı Trampın şəxsiyyəti iranlılar üçün maraqlı görünür. Respublikaçı maqnatın ABŞ prezidenti vəzifəsində oturması onun körfəzdəki müttəfiqlərinin bütün planlarını qarışdıra bilər ki,bu da Tehran üçün əlverişli imkanlar vəd edir. Ümumiyyətlə isə Tehran üçün Ağ Evin yeni sahibinin kim olacağı elə də ciddi əhəmiyyət daşımır. İran ABŞ-la münasibətlərdə keyfiyyətli tərəqqiyə ümid etmir. İslam dövlətində hələlik heç bunu arzualayan da yoxdur. Misir daha praqmatik və ehtiyatlı mövqe sərgiləyir. Bu barədə fikrini Misir prezidenti Əbdülfəttah Sisi ABŞ-a səfəri zamanı CNN kanalında aydın şəkildə ifadə edib.
Dünyanın ən böyük ərəb dövlətinin rəhbəri Donald Trampın öz ölkəsi üçün güclü rəhbər olacağını bildirib. Trampın müsəlmanlara yönəlik neqativ fikirlər səsləndirməsinə rəğmən (xüsusilə müəslmanların ABŞ-a gəlməsinin qadağan edilməsi kimi) Sisi onun seçilməsi halında öz baxışlarını seçicilərin əhval-ruhiyyəsinə görə deyil, gerçəkliklərə uyğun dəyişdirəcəyinə” ümid etdiyni bildirib.
Bununla belə, Misir prezidenti xanım Klintonun da ünvanına iltifatlar səsləndirməyi unutmayıb. Onu sözlərinə görə, Hillari Klinton prezidentliyə çox yaraşır. Lakin müşahidəçilər Hillari Klintonun Misirin indiki iqtidarı üçün arzu edilən namizəd hesab etmirlər. Ən azı onun 2015-ci ildə Misir prezidentini “hərbi diktator” adlandırdığını yada salmaq kifayətdir. Misirdə isə bunu unudan yoxdur. Onlar Misir rəhbərliyinin ABŞ prezidentinə deyil, tam əksinə, Ağ Ev sahibinin Qahirə ilə yaxınlaşmalı olduğunu düşünürlər. Misir ABŞ-la bərabər səviyyədə münasibət qurmaq tələbini gizlətmir. Bunu Sisi ABŞ auditoriyasına aydın şəkildə izah edib.
İsrailin seçimi isə artıq bəllidir. Obama kabineti baş nazir Benyamin Netanyahu tərəfindən yəhudi dövləti üçün ən uğursuz administrasiyalardan biri hesab edilib. Fələstin məsələsində tutduğu mövqe, habelə İranla imzalanan nüvə sazişi ilə Obama administrasiyasi çoxdan İsrail rəhbərliyini küsdürüb. İsrailin Barak Obamaya olan münasibətini Hillari Klintona da yansıtdığı deyilir.
Təbii ki, Donald Tramp bu fürsəti əldən verə bilməzdi. Amerikalı milyarder özünün namizəd olaraq təsdiqləndiyi nitqində İsraili ABŞ-ın ən böyük müttəfiqi adlandırıb. Bu səbəbdən Təl-Əvivin Trampa olan simpatiyası Hillari Klintondan daha yüksəkdir. Trampın müşavirləri isə İsrail rəsmiləri ilə görüşdə Vaşinqtonun Fələstin dövlətinin yaradılması məsələsi ilə bağlı siyasətinə yenidən baxacağını söyləyiblər.
Nəhayət, Türkiyə... “Ankaranın nə Klintonu, nə də Trampı öz dostu adlandırmaq üçün hansısa səbəbi yoxdur”,- deyə analitiklər qeyd edir. Türkiyə prezidneti 15 iyul çevrilişində ABŞ-ın əli olması ilə bağlı şübhələrini hələ üstündən atmış deyil...
Bu səbəbdən Türkiyənin istənilən namizədin qalib gəlməsi halında Vaşinqtona artıq daha ehtiyatla yanaşacağı şübhəsizdir. Hər halda Klinton Ankara üçün daha tanış namizəddir. Onun Türkiyə siyasətçiləri ilə əlaqələri daha genişdir. Bundan başqa, respublikaçıların Yaxın Şərq siyasəti həmişə xüsusi aktivliyi, eqoistliyi və aqressivliyi ilə seçilib. Bu isə ölkə daxilində və xaricində kürd hərbi birləşmələri ilə mübarizə aparan Ankaranı narahat etməyə bilməz.
Hazırda isə ABŞ və Türkiyə arasında yaranan ən böyük problem isə şübhəsiz Fətullah Gülən və onu yaratdığı şəbəkədir. Müşahidəçilərin gəldyi ümumi rəyə əsasən kimin gəlməsindən asılı olmayaraq heç bir ABŞ administrasiyası Vaşinqtonun təzyiq etmək üçün əlində gözəl vasitə olan Fətullah Güləni Ankaraya təhvil verən deyil. Bu səbəbdən Türkyə Vaşinqtondakı siyasi iqliminin öz xeyrinə tezliklə dəyişəcəyinə ümid edə bilməz.
409 dəfə oxundu