BDU-nun yataqxana dərdi - Abutalıbov icazə vermir
Bakı Dövlət Universitetinin (BDU) Mətbuat prospektində yerləşən yataqxanasının yerində müasir “Tələbə şəhərciyi”nin tikiləcəyi gözlənilirdi. Yataqxanadan məcburi köçkünlər çıxarıldıqdan sonra ilkin mərhələdə bir neçə beşmərtəbli bina söküldü və yeni binanın layihəsi ictimaiyyətə təqdim olundu. İllər keçsə də BDU-nun yeni yataqxanaları hazır deyil.
Bakı Dövlət Universitetinin prorektoru Nəbi Ramazanlı AzVision.az-a bildirib ki, ərazidə yataqxanın tikintisi üçün vəsait ayrılacaqdı, lakin Bakı şəhər İcra Hakimiyyəti inşaat pasportunu verməyib.
“2012-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısına məktubla müraciət etdik, amma inşaat paportunu ala bilmədik. Dedilər ki, hələ məsləhət deyil, qarşıda dövlət səviyyəli tədbirlər var. Hələ indiyə qədər də baxılır, cavab verilməyib”.
Prorektor ərazidəki beş mərtəbəli binaların təmir etməyə ehtiyac olmadığını deyib. Onun sözlərinə görə, həmin binalar şəhərin hazırki görünüşünə uyğun gəlmir: “Həmin yataqxanalar 20-30 il istifadə üçün tikilib. İstifadə müddətindən 60 ilə yaxın vaxt keçib. Onlar vaxtı keçmiş və qəza vəziyyətində olan yataqxanalardır. Layihə instituları onların söküntüsü ilə bağlı qərar verib. Söküntü işi də pul tələb edir, maliyyə imkanlarımız o qədər deyil ki, onunla bağlı müstəqil addımlar ata bilək”.
N.Ramazanlı “Tələbə şəhərciyi”nin paytaxtın mərkəzindən kənarda tikilməsinin mümkün olduğunu vurğulayıb. “Bu, dövlətin səlahiyyətində olan məsələdir. Dövlət məsləhət bilsə, yataxananı nəinki şəhərdən kənarda, başqa şəhərlərə də köçürdə bilərik”.
315 dəfə oxundu