Badamdar bələdiyyəsinin sədri vasitəçi rolunda

Badamdar bələdiyyəsinin sədri vasitəçi rolunda


Qəsəbədə biznes qurmaq istəyən iş adamları Həbib Əsədovla “məsləhət”ləşirlər

Satılası və icarəyə veriləsi torpaq sahəsinin qalmadığını görən sədr binaların arasındakı ərazilərə göz dikib

Dünyanın əksər ölkələrində bələdiyyələr idarəetmə sistemində əsas funksiyaları yerinə yetirir. Azərbaycanda isə bələdiyyələrin fəaliyyəti çox məhduddur və demək olar ki, yox dərəcəsindədir. Buna görə də vətəndaşların bələdiyyələrə inamı gündən-günə daha da azalır. Bir neçə dəfə bələdiyyələrin ləğvi məsələsi gündəmə gətirilsə də, sonradan bundan vaz keçilib. Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrdə problemlər son vaxtlar artan xətt üzrə gedir. Bununla bağlı ayrı-ayrı mətbuat qurumlarında mütəmadi olaraq tənqidi yazılar dərc olunur, faktlar ortaya qoyulur. Amma nöqsanların mövcud olduğu bələdiyyələrin rəhbər şəxsləri barədə müvafiq ölçü götürülmür. Paytaxtın Səbail rayonunun Badamdar bələdiyyəsi ən gəlirli yerli özünüidarə orqanlarından biri sayılır.

Məhz bu səbəbdəndir ki, bələdiyyənin keçmiş sədri Bəybala Hüseynov vəzifədə olduğu müddətdə saysız-hesabsız qanundan kənar işlərə imza atdı və nəticədə özünə nəhəng biznes şəbəkəsi qurmağı bacardı. Onun qəsəbə ərazisindəki obyektləri, tikinti kompleksləri vətəndaşlara yaxşı məlumdur. Qəsəbənin abadlaşması üçün heç bir iş aparmayan keçmiş sədr nəhayətdə bunun nəticəsini gördü. Belə ki, keçən bələdiyyə seçkilərində adıçəkilən şəxs növbəti dəfə sədr seçilə bilmədi. Onu bu postda Həbib Əsədov əvəz etdi. Qəsəbə sakinləri yeni sədrdən çox şey gözləsələr də, hələlik bunu görə bilmirlər. Deyilənə görə, yeni bələdiyyə sədri özündən əvvəlki rəhbərliyin yaratdığı problemləri həll etmək yerinə daha böyük problemlərin əsasını qoyur. Bayaq qeyd etdiyimiz kimi, Badamdar paytaxtın ən bahalı qəsəbələrindən biri hesab edilir. Bir müddət əvvəl qəsəbədə həyata keçirilən torpaq satışı ilə bağlı maraqlı məlumat açıqlanıb. Badamdar bələdiyyəsi iri torpaq sahəsini açıq hərraca çıxarıb. Onun start qiyməti bazar qiymətindən 31 dəfə ucuzdur. Bu, həmin bələdiyyənin yarandığı ildən – 1999-cu ildən üzü bəri ilk açıq hərrac cəhdidir. Məlumatda bildirilir ki, hərrac 17 martda Şəfaət Mehdiyev küçəsi, 93a saylı ünvanda olub. Sahibkarlıq üçün nəzərdə tutulan torpağın sahəsi 7 920 kvadrat metrdir – təxminən 79 sot. Nominal qiyməti 31 min 680 manat olan torpağı bələdiyyə 36 min manata və ya sotu 454 manata qiymətləndirib. Həmin ərazidə torpağın 1 sotunun real bazar qiyməti 18 min dollardan və ya 14,5 min manatdan ucuz deyil. Bizə çatan məlumatlara görə, bələdiyyənin indiki və hazırkı sədrləri qanunların tələbini pozaraq torpaq sahələrinin özbaşına satışını həyata keçiriblər. Etibarlı mənbənin sözlərinə görə, bələdiyyə sədri Həbib Əsədov heç bir qanuna məhəl qoymaq istəmir: “O elektrik, neft-qaz və nəqliyyat xətləri altındakı bələdiyyə torpaqlarında fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisinə şərait yaradıb. Həmçinin bələdiyyədə sədr dəyişikliyi baş verəndən sonra insanların istirahəti üçün nəzərdə tutulan parklar müxtəlif iş adamları tərəfindən zəbt olunmağa başlayıb. Şəhərimizdə gözəl, dəbdəbəli parkların salındığı bir vaxtda Badamdar qəsəbəsində insanların istirahət mərkəzləri əllərindən alınır. Qəsəbədə tanınmış oftalmoloq alim Zərifə Əliyevanın adını daşıyan park baxımsızlıqdan pis günə düşüb.

Keçən ildən başlayaraq parkın ərazisində hasarlama, qazıntı işləri aparılır. Parkın ərazisindəki çoxillik ağaclar kəsilib, sonra isə ərazi qazılmağa başlanıb. Bəziləri burda ticarət obyektinin, bəziləri isə hündürmərtəbəli yaşayış binasının tikiləcəyini deyir. Hazırda parkın ərazisinin bir hissəsi təxminən 2-3 metr dərinliyində qazılıb, digər hissəsində isə oturacaqlar sökülüb, yaşıllıq məhv edilib. Əvvəllər bu ərazi başdan-başa yaşıllıq idi, qazıntı zamanı onların bir çoxu torpağın altında qalaraq məhv oldu”. İddialara görə, Badamdar bələdiyyəsinin balansında satılası və icarəyə veriləsi torpaq sahəsi qalmadığından bələdiyyə sədri binaların arasındakı ərazilərə diqtə etməyə başlayıb: “Bu qəsəbədə biznes obyekti tikmək istəyən iş adamları ilk növbədə Həbib Əsədova müraciət etməlidir. Sədr Səbail Rayon İcra Hakimiyyətinin bəzi rəhbər şəxslərinin əsas vasitəçisi hesab olunur. O torpaq almaq istəyən iş adamları ilə “anlaşma” əldə etdiyi təqdirdə bu barədə icra hakimiyyətinə məlumat verir, daha sonra digər proseslər aparılır. Bələdiyyə rəhbəri qanunsuz torpaq satışı və digər əməliyyatların nəticəsində qısa vaxtda varlanmağı bacardı”. Başqa bir məlumata əsasən H.Əsədov keçmiş sədrin vaxtında satılmış torpaq sahələrinin sənədlərini yenidən qaldırıb. Bu haqda gələn saylarımızda ətraflı məlumat verməyə çalışacağıq.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...