Əsgərlər niyə tərxis olunmur? - Deputatdan reaksiya

Əsgərlər niyə tərxis olunmur? -


Son günlər Azərbaycanda müharibə başlayacağına dair müxtəlif fikirlər səslənir, müzakirələr aparılır

Bu müzakirələrin əsas predmeti isə hərbi qulluq vaxtını tamamlayan əsgərlərin hələ də ordudan təxris olunmamasıdır. Nəticədə cəmiyyətdə müxtəlif suallar səsləndirilir... O cümlədən də "Müharibə başlaya bilərmi" sualı...

GUNDEMİNFO.AZ xəbər verir ki, Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Modern.az saytının bu və digər suallarını cavablandırıb, ictimaiyyəti narahat edən məsələlərə aydınlıq gətirməyə çalışıb. O qeyd edib ki, hazırda orduda vəziyyət iki il əvvəlki kimi deyil: “Azərbaycanın hərbi gücü artıb. Nəzərə almaq lazımdır ki, düşmən də əlini əlinin üstünə qoyub tamaşa etmir, Ermənistandan peşəkar saydıqları hərbiçiləri ora yönəldir, orda xüsusi hərbi birləşmələr yaratmaqla məşğuldurlar. Beləliklə, bunlar, avtomatik olaraq, Azərbaycanın sayıqlığını artırmağı tələb edir”.

Zahid Oruc bildirib ki, qulluq vaxtı başa çatan hərbiçilərin evlərinə buraxılması bu ayın sonuna kimi gecikə bilər:

“Tərxis vaxtı yetişən hərbi qulluqçular ola bilsin ki, bu ayın sonuna kimi gecikmə ilə evlərinə buraxılsın. Ehtiyatda olan hərbi qulluqçuların da orduya cəlb edilməsi onların hərbi formalarını, biliklərini artırmaq məqsədi güdür. Mümkündür ki, ehtiyac duyulduğu halda onlar peşəkar səviyyədə müharibəyə cəlb olunsun.


Hazırda Müdafiə Nazirliyinin adından danışmaq çətindir. Lakin Milli Məclisin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü kimi gördüyüm, müşahidə etdiyim, aldığım informasiyaları analiz edərək deyə bilərəm ki, həqiqətən də təhlükəsizlik problemləri kifayət qədər dərinləşib. Cəbhə xəttində vəziyyət əvvəlkindən qat-qat gərgindir. Müdafiə nazirinin özünün rəhbərliyi ilə həyata keçirilən təlimlər də döyüşə hazırlıq deməkdir. Bütün bunların fonunda erməni tərəfi kifayət qədər böyük qüvvələrini regiona cəlb edib. İndi Ermənistanın hərbi qüvvələrinin əksər hissəsi Qarabağda cəmlənib. Ona görə də say, yerdəyişmələr, onların taktikasının müşahidə altında saxlanması onu deməyə əsas verir ki, Azərbaycanda hərbi xidmət sistemində əvvəlki müddətlərdəkindən kənara çıxmalar baş verəcək. Hesab edirəm ki, bunu vətəndaşlarımız anlayışla qarşılamalıdır. Əminəm ki, müharibə başlamayacağı təqdirdə, hərbi qulluqçular xidmət müddətlərini başa vurub sağ-salamat evlərinə qayıdacaqlar.

Mənim bildiyim ondan ibarətdir ki, bəzi hərbi hissələrdə hərbi xidmət müddətini başa vuran hərbiçilər daha bir neçə ay qulluq keçəcəklər. Lakin bunun ölkədəki bütün hərbi hissələrə şamil olunması da doğru deyil. Hesab edirəm ki, xidmət müddəti başa çatan digər hərbi qulluqçular iyulun 20-ə qədər ordudan tərxis olunacaqlar”.

“Müharibə başlaya bilərmi” sualına cavab olaraq Zahid Oruc bildirib ki, parlament üzvlərinin ölkənin bütün hərbi sirlərinə bələd olmadan, Azərbaycanın silahlı əməliyyatlara başlayacağı təqdirdə, müdafiəsi ilə, ona yardım olacaq ölkələrin sayını bilmədən, atılacaq addımların taktiki xəritəsindən tam məlumatsız şəraitdə asanlıqla "müharibə" ifadəsini dilə gətirməməlidir.

“Ona görə ki, hərbi əməliyyatların başlanması nə qədər sadə və asandırsa, qurtarması da bir o qədər çətindir. Bununla bərabər, hesab edirəm ki, ölkə rəhbərinin hərbi dildə danışması inkar olunmazdır. Bəzən müharibə özü deyil, sadəcə təhdid, onu nümayiş etdirmə, düşmənin bir neçə raketini vurmaq, canlı texnikasına zərbə endirmə özü də psixoloji-mənəvi geriçəkilmələrə səbəb ola bilir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1090 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...