Xarici İşlər Nazirliyi də prezidentin tənqidindən nəticə çıxardı viza məsələsi sadələşdirilir

“Ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza rəsmiləşdirilməsi prosesinə cəlb olunmuş digər aidiyyəti nazirlik və dövlət qurumları ilə birlikdə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin viza alt sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və viza sorğularına baxılması müddətinin qısaldılması üçün təkliflər yaxın günlərdə təqdim ediləcək”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, prezidentin vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 20 noyabr 2014-cü il tarixli 882 nömrəli sərəncamı əsasında viza rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə işçi qrup fəaliyyət göstərir: “İşçi qrupunun dörd iclası keçirilib və bununla bağlı müvafiq tədbirlər görülməkdədir. Hal-hazırda diplomatik nümayəndəliklərdə viza sistemi ilə bağlı yeni avadanlıqların quraşdırılması prosesi də həyata keçirilir”.
GUNDEMİNFO.AZ olaraq qeyd edək ki, artıq bu gün Mədəniyyət və Turizm Nazirliyi də dövlət başçısının tənqidlərindən sonra hərəkətə keçərək ölkə ərazisində turizm obyektlərində qiymətlərin tənzimlənməsi qaydalarını işləyir.
Hələlik yalnız AZAL Dövlət Konserni prezidentin tənqid etdiyi aviabiletlərin bahalığı ilə bağlı heç bir addam atmayıb.
244 dəfə oxundu