Gömrükdə səs-küylü həbslər gözlənir
Dövlət Gömrük Komitəsində yoxlamalar yekunlaşıb.
Hakimiyyətin xüsusi audit qrupunun apardığı təftiş heyrətamiz faktlar ortaya çıxarıb. Söhbət milyardlarla manatın mənimsənilməsindən gedir. Bu barədə hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, gömrük xidmətindəki faktların ictimailəşməsi “MTN işi”-ni belə kölgədə qoya bilər: “Gömrük işi” üzrə minlərlə iş adamı ziyan çəkib, əmlakları əllərindən alınıb. İdxal mafiyası ölkənin iqtisadi təhlükəsizliyinə ciddi zərbələr vurub – kütləvi şəkildə iş yerləri qapadlıb, büdcə pulları oğurlanıb, qiymətlər fantastik həddə qədər yüksəlib. Hakimiyyətin üst qatının birbaşa nəzarəti ilə aparılan audit artıq yekun hesabatı da hazırlayıb və siyasi rəhbərliyə təqdim edib. Siyasi rəhbərlik gömrük sistemində radikal islahatlar barədə qərarı artıq qəbul edib. Bununla yanaşı, hesabat hüquq-mühafizə orqanlarına da göndərilib və araşdırmalar başlanılıb. Böyül ehtimalla yaxınlarda gömrük xidmətində hay-küylü həbslərin şahidi olacağıq. “MTN işi”ndə olduğu kimi, “Gömrük işi”ndə də generalların həbsi gözlənilir”.
Mənbə bildirir ki, idxal mafiyasının başında gömrük generalları - Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov durur. Adıçəkilən generalların, eləcə də başqalarının həbsi gözlənilir.
Bir qədər əvvəl mötəbər mənbələrə istinadən Dövlət Gömrük Komitəsində radikal islahatlar barədə məlumat yayılmışdı. Həmin məlumatı bir daha nəzərinizə çatdırılır.
Məlumatlara görə, gələn ilin əvvəlindən ya komitə ləğv edilib, səlahiyyətləri ASAN xidmət və Vergilər Nazirliyi arasında bölüşdürüləcək, ya da komitənin strukturu yenilənərək fərqli bir statusda fəaliyyətini davam etdirəcək.
Mənbənin məliumatına görə, gömrük sistemindəki dəyişiklik hakimiyyət çevrələrində xeyli müddətdir müzakirə edilir: “Hələ iki il qabaq gömrük yüklərinin rəsmiləşdirilməsinin ASAN Xidmətə verilməsi nəzrədə tutulurdu. Ancaq gömrükdə söz sahibi olan idxal monopolistləri bu ideyanın qarşısını ala bildilər. O vaxt bu ideyanı Gömrük Komitəsinin sədri Aydın Əliyev də ictimailəşdirmişdi. Ancaq idxal monopolistləri bu ideyanı beşiyindəcə boğa bildilər”.
Mənbənin sözlərinə görə, artıq ölkədə yaranmış yeni iqtisadi situasiya gömrük islahatlarını qaçılmaz edir: Dünya bazarında neftin qiymətinin 37 dollara enməsi ölkənin gəlirlərini kəskin şəkildə azaldıb. Gələn il neftin daha da ucuzlaşacağı gözlənilir. Bu o deməkdir gələn il üçün nəzərdə tutulan 2,8 milyardlıq investisiya layihələrini gerçəkləşdirmək mümkün olmayacaq. Eyni zamanda dövlət xərclərinin kəskin ixtisarı və büdcəyə əlavə vəsaitlərin cəlb edilməsi zərurəti ortaya çıxacaq. Bu baxımdan ilk addım kimi gömrük islahatları nəzərdə tutulur".
Mənbənin sözlərinə görə, hazırda gömrük sərhədlərində ən azı 10 milyard manat vəsait idxal monopolistlərinin cibinə axır. Bu vəsaitin təxminən yarısı – 5 milyard manata yaxını büdcəyə çatacaq pullardır. Ölkəyə daxil olan yüklərin real qiymətindən az göstərilməsi və ya ümumiyyətlə sənədləşdirlməməsindən hər il büdcə 5 milyard manat itirir. İldə təxminən 5 milyard manat isə iş adamlarından “təzminat” kimi yığılır. Ölkənin gəlirlərinin belə kəskin azalması fonunda gömrükdə qayda-qanun yaratmağın vaxtı çatıb. Bu həm də ölkədə biznes mühitinin sağlamlaşdırılmasına təkan verəcək”.
Mənbə bildirir ki, gömrükdə islahatlar iqtisadi inkişafı tormozlayan idxal monopoliyasına da son qoyacaq: “İdxal monopoliyasının ləğvi gömrük islahatlarının əsas mahiyyətini təşkil edir. Prezident İlham Əliyev son mesajlarında dəfələrlə iş adamlarının təqib edilməsinin yolverilməzliyini bildirib. İş adamlarını təqib edən əsas dövlət təsisatlarından biri də gömrük xidmətidir. Gömrük islahatlarının bir məqsədi də idxal məsullarında süni qiymət artımının qarşısını almaqdır. Real rəqabət mühitində süni qiymət artımından söhbət gedə bilməz. Neft gəlirlərinin azaldığı indiki vaxtda yeganə alternativ iqtisadi mühiti liberallaşdırmaqdır. Bunun da yolu gömrük liberallaşdırılmasından keçir. Gömrük sisteminin liberallaşdırılması rəqabət mühitinin və yeni iş yerlərinin yaranmasına təkan verəcək”.
Prezident İlham Əliyev dekabrın 23-də 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdə gömrük sisteminin şəffaflaşdırılması məsələsini xüsusi vurğulayıb: “İqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət – bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə, gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcəkdir. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır”.
\istiqlal.az\
722 dəfə oxundu