Abşeronun məhkmə hakimi kimlərin ədalətinə əl qoyub?

Son vaxtlar ölkə mətbuatında dərc olunan materiallarda Abşeron Rayon Məhkəməsinin fəaliyyətindən doğan narazılıqlar tez-tez öz əksini tapırlar. Bu xüsusda yayımlanan müxtəlif səpgili məlumatlardan da belə bir qənaətə gəlmək olur ki, Əşir Səmədovun sədrlik etdiyi bu məhkəmə instansiyasının iclas zallarında qəbul edilən ədalətsiz və qərəzli qətnamələr nəticəsində hüquqları pozulmuş Azərbaycan vətəndaşlarının sayı azalmaq bilmir. Bu vəziyyət isə ölkənin Ədliyyə sistemində həyata keçirilən islahatların, həmçinin antikorrupsiya tədbirlərinin hələ də istənilən nəticə verməməsi anlamına gəlir. Biz mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da dəfələrlə qeyd etmişik ki, ölkənin ədliyyə sisteminin normal fəaliyyəti vətəndaşların həm hüquqlarının, həm də məsuliyyətlərinin təminatını həyata keçirməklə asayişi mühafizə edir. Təbii ki, ədliyyə müəssisələrinin normal fəaliyyəti ilk növbədə ölkə qanunlarına və ədalət prinsiplərinə ciddi əməl olunmaqla həyata keçirilməlidr. Bu günümüzün reallıqlarından biri də budur ki, artıq məhkəmələr və müxtəlif xarakterli məhkəmə prosesləri ictimai həyatımızın bir hissədir. Ən müxtəlif instansiya məhkəmələrində araşdırılan işlər mütəmadi olaraq bu və ya digər baxımdan müəyyən maraq kəsb edərək ictimai müzakirəyə təqdim olunur. Bax elə bu məqam da artıq konkret şəxslərin - məhkəmə sədrlərinin, hakimlərin, dövlət ittihamçıları və vəkillərin fəaliyyətini qabarıq formada nümayiş etdirir.
Buna görə də bir çox hallarda ictimai müzakirələrin mövzusu elə bu fəaliyyətlə bağlı olur. Digər tərəfdən də, bəzən bu səlahiyyət sahibləri tərəfindən yol verilən hərəkətlər artıq ayrı-ayrılıqda götürülmüş sadəcə bir vətəndaşın deyil, ümumilikdə dövlətin mənafeyi ilə də ziddiyyət təşkil etmiş olur. Bu baxımdan 80 yaşlı vətəndaş Zibər Mailovanın işi ilə bağlı son günlər mətbuatın gündəminə çıxarılan material da xüsusilə diqqəti cəlb edir. Bu xüsusda mətbuata müraciət edən Saray qəsəbə sakinləri Zibər Mayılova və Axverdi Şaxıyev bildirirlər ki, Ali Məhkəmənin Mülki Kollegiyası №2 (102)-3347/2014 saylı mülki işə baxarkən 25 sentyabr 2014-cü il tarixdə ədalətli və qanuni qərar qəbul edərək, müstəqil tələb irəli sürən Mailova Zibərin kassasiya şikayətini təmin edib. Qeyd edilir ki, həmin işdə Axverdi Şaxıyevə qarşı iddia irəli sürən Qocayeva Zülfiyyə Nurəddin qızının onun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması iddiası rədd edilib. Bununla belə, şikayətçilər bildirirlər ki, hazırda həmin iş Abşeron Rayon Məhkəməsində qərəzli aparılır: “İddia ərizəsi məhkəməyə daxil olan kimi mənə məlumat vermədən həmin torpaq sahəsinin üzərinə həbs qoyulub və qanunsuz qərar qəbul edilib. 22 dekabr 2014-cü ildə qəbul edilmiş qərardadı, 15 yanvar 2015-ci il tarixdə mənə verdilər. Beləliklə, Abşeron Rayon Məhkəməsinin obyektiv və ədalətli olmasına inanmırıq. Çünki Məhkəmənin sədri Əşir Səmədov və hakim Şövkət Nəcəfova konstitusion hüquqlarımızın qorunmasına süni maneələr törətməklə yanaşı, həm də qanunvericiliyi və etik normaları kobud formada pozurlar...”
Bu arada Əşir Səmədovun diqqətinə ölkə prezidenti cənab İlham Əliyevin ifadə etmiş olduğu bir fikri çatdırmaq istərdik: “Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır. İndi Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir. Ölkəmiz müasirləşir, yeniləşir, dünya birliyinin çox fəal və dəyərli üzvünə çevrilir. Əlbəttə ki, məhkəmə-hüquq islahatları da ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir”. Çox maraqlıdır ki, bu fikirlər Əşir Səmədovun hələ bir neçə il bundan əvvəl yazdığı məqalələrdən birində də sitat kimi gətirilmişdir. Amma nədənsə, bu gün biz dövlət başçısının bu fikirlərindən irəli gələn tələb və fəzifələrin Abşeron Rayon Məhkəməsinin fəaliyyətində rəhbər tutlduğunu hiss edə bilmirik.
Qarşı tərəfin də münasibətini dərc edə bilərik.
579 dəfə oxundu