Cahangir Hacıyev həbs olundu - MƏHKƏMƏ QƏRARI

Cahangir Hacıyev həbs olundu -


Cahangir Hacıyev haqqında 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb. Faktı APA-ya Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər. Cahangir Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Artıq Nərimanov rayon Məhkəməsində 3 ay müddətinə azadlıqdan məhrum etmə qərarı seçilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham olunur. Qərar elan olunduqdan sonra Cahangir Hacıyev Bakı İstintaq Təcridxanasına aparılıb. Qeyd edək ki, Cahangir Hacıyevin saxlanması haqqında ilk xəbəri strateq.az saytı yayıb.

Dünən barəsində həbs qətimkan tədbiri seçilən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev barəsində bəzi yeni məlumatlar bəlli olub.

C.Hacıyevə baş prokurorluq tərəfindən verilən ilkin ittihamda onun Beynəlxalq Bankdan 120 milyon manat pulu mənimsədiyi bildirilir. Bu məbləğ ilkin araşdırma zamanı aşkarlanan rəqəmdir, istintaqın gedişi zamanı mənimsəmə məbləğinin yüksələcəyi də istisna deyil.

Bundan başqa, sabiq bankir saxta yolla 10 nəfərə yaxın sıravi vətəndaşların adına külli-miqdarda kredit rəsmiləşdirərək özü götürüb.

C.Hacıyev hazırda Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə)və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Qeyd edək ki, bunlar da ilkin ittihamlardır. İstintaqın gedişindən asılı olaraq ona əlavə maddələrlə də cinayət işinin açılacağı gözlənilir.

Xatırladaq ki, C. Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri "Bandotdel"in vəsatəti əsasında baş prokuror Zakir Qaralovun imzası ilə verilən sanksiya təqdimatı əsasında seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
578 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...