Dünya liderləri Heydər Əliyev haqda

“Onun ölümü dünya üçün əvəzsiz itkidir”
Azərbaycan tarixində mühüm rol oynayan Heydər Əliyev dünya səviyyəsində tanınan və qəbul edilən siyasətçi idi.
Təsadüfi deyil ki, dünya liderləri Heydər Əliyev haqda maraqlı fikirləri ilə yadda qalıb.
GUNDEMİNFO.AZ publika.az-a istinadən bu fikirlərdən bəzilərini təqdim edir:
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və çiçəklənməsi naminə göstərdiyi fədakar xidməti ilə türk dünyası, eləcə də bütün dünya və region tarixində ləyaqətli yer tutur”.
Türkiyənin keçmiş prezidenti Abdullah Gül: “Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən - günə təmin etməkdə olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi və mədəni tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı dərindən kədərləndirib”.
Rusiya prezidenti Vladimir Putin: “Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan gedib. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olub. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoyub, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə verib. Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir”.
ABŞ-ın keçmiş prezidenti Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olub. Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşıyıb. Amerika Birləşmiş Ştatları və Azərbaycan məhz onun rəhbərliyi altında Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olub. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynayıb. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdıraraq Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaradıb”.
Kraliça II Yelizaveta: “Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olub. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram”.
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir”.
Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev: “Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görüb”.
Fransanın keçmiş prezidenti Jak Şirak: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarıb. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”.
1242 dəfə oxundu