"Əmrahbank" müştəriləri hansı ağsaqqalla qorxudur? ŞİKAYƏT VAR
"Ağsu rayon sakini Əhmədli Məmmədağa Əhmədağa oğlu "Əmrahbank"ın problemli kreditlərin qaytarılması şöbəsinin müdiri Vəli İsmayılov, " Əmrahbank "ın Azadlıq filialının direktoru N. Hacıyeva, həmçinin, özünü bankın rəhbərlərindən biri kimi təqdim edən Orxan adlı şəxslə əlbir olaraq qanunsuz yolla saxta möhür və müxtəlif sənədlər düzəldib, sahibkar Ş. Abdullayevin uzun müddət Bakı şəhərində olmamasından istifadə edərək ona məxsus "Mercedes Benz G55" markalı, dəyəri 200 min manata yaxın olan şəxsi avtomobilini onun xəbəri olmadan 21.01.2015-ci il tarixində DİN Baş Yol Polis İdarəsində 23 yaşlı Hüseynov Cahangir Gülağa oğlunun adına sənədləşdiriblər".
GUNDEMİNFO.AZ yazır ki, bu barədə Moderator.az-a göndərilən müraciətdə bildirilir.
Müraciətdə qeyd edilir ki, Əhmədli Məmmədağa avtomaşını etibarnamə ilə öz adına sənədləşdirərək satıb və cinayət yolu ilə əldə edilmiş küllü miqdarda qazancı öz aralarında bölüşdürüblər: "Göstərilən cinayətin həyata keçirilməsi üçün " Əmrahbank "ın Azadlıq filialının direktoru N. Hacıyeva 17 dekabr 2014-cü il tarixində DİN Baş Yol Polis İdarəsinə bankın möhürülə təsdiq edilmiş AB 22/697 saylı məktubla rəsmi müraciət etmiş və Ş. Abdullayev tərəfindən banka olan borcun və faizin tam ödənildiyini bildirərək avtomaşının onun adına deyil, naməlum səbəbdən Hüseynov Cahangir Gülağa oğlunun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Eyni zamanda həmin tarixdə AB 22/698 saylı məktubla müraciət edərək həmin avtomaşının texniki pasportunun itirdiyi üçün C. Hüseynovun adına yeni texniki pasport verilməsini xahiş etmişdir. Həqiqətdə isə avtomaşının texniki pasportu heç vaxt itirilməyib və bu günə kimi Ş. Abdullayevdədir".
Müraciətdə bildirilir ki, V. İsmayılov bankda işləməsinə baxmayaraq özünü qoçu və reket kimi aparır: "Ş. Abdullayevin qanuni nümayəndəsi sorğu ilə banka müraciət edən zaman aidiyyati olmamasına baxmayaraq V. İsmayılov məsələyə yersiz olaraq müdaxilə etmiş, bank işçisinə yaraşmayan kobudluqla nümayəndəyə bildirmişdir: "Yaxşı edib avtomaşını satmışıq, gedin əlinizdən gələni edin, heç kimdən çəkinmirik, əgər bilsəniz ki, bizim arxamızda dayanan ağsaqqal kimdir onda biz tərəfə yaxın gəlməyə qorxarsınız" . M. Əhmədli də tam arxayınlıqla "ağsaqqala deyərik bütün məsələni yoluna qoyar " demişdir. Göründüyü kimi bu cinayət əməllərinin baş verməsində öz vəzifə borclarının yerinə yetirilməsinə səhlənkar yanaşaraq məsuliyyətsizliyə yol vermiş müvafiq dövlət icra orqanlarının da böyük günahı vardır. "Əmrahbank "ın Azadlıq filialının direktoru N.Hacıyeva olmasına baxmayaraq, filialın qeyri-rəsmi rəhbəri Ülvi İldırımzadədir. "Əmrah bank"ın sahibi isə onun atası Yunis İldırımzadədir. Yusif İldırımzadə isə Ülvinin əmisidir. Çox güman ki, daim qanunların toxunulmazlığının keşiyində duran Y. İldırımzadənin bu cinayətkar dəstənin bəd əməllərindən xəbəri yoxdur. Əks halda qanunların kobud halda pozulmasına, günahsız sahibkarın hüquqlarının tapdalanmasına yol verməzdi".
1516 dəfə oxundu