Sabirabaddan Əbülfəz Qarayevə və Mikayıl Cabbarova müraciət

Sabirabad rayonundan bir qrup mədəniyyət işçisi GUNDEMİNFO.AZ-a müraciət edib. Saytımız vasitəsilə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə ünvanlanan müraciətlərində onlar noyabr və dekabr ayları üçün nəzərdə tutulan əmək haqlarını ala bilmədiklərini bildirirlər.
Şikayətçilər deyir ki, əmək haqlarını ala bilməmələri ilə bağğlı Rayon Mədəniyyət və Turizm İdarəsinə müraciət etsələr də, aldıqları cavab müsbət olmayıb. İdarədən bildiriblər ki, Sabirabad Rayon Mədəniyyət və Turizm İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlər xərclənib qurtarıb. Ona görə, işçilərin əmək haqlarını vermək mümkün deyil. Rayonun əmək haqlarını ala bilməyən mədəniyyət işçiləri deyir ki, idarədən «fonda pul qurtardığına görə əmək haqlarını vermək mümkün olmayacaq» deyiblər.
Şikayətçilər nazir Əbülfəz Qarayevə müraciət edərək deyirlər ki, son zamanlar bir sıra rayonlarda mədəniyyət idarələrinin rəhbərlərinə qarşı görülən cəza tədbirləri kifayət qədər alqışlanandır. Nazirin müşavirədə İmişli rayon mədəniyyət idarəsinin rəisiini işdən qovması, Zərdabın müvafiq idarəsinin rəisini işdə yol verdiyi nöqsanlara görə çıxarması alqışlanır. Şikayətçilər Sabirabad mədəniyyət və turizm idarəsinin rəisi Əhməd Ramazanovun onlarla görüşdən yayındığını iddia edirlər.
Maraqlıdır ki, Sabirabaddan gələn müraciət həm də təhsil naziri Mikayıl Cabbarova da ünvanlanıb. Mədəniyyət işçiləri iddia edirlər ki, rayon üzrə bu idarənin bütün maliyyə işlərini mühasib Elxan Əsədov həyata keçirirmiş. Təhsil Nazirliyinin regional təhsil idarələrinin yaradılması ilə bağlı apardığı struktur islahatları zamanı Sabirabad Mədəniyyət və Turizm İdarəsinin mühasibi Elxan Əsədov həmin Regional Təhsil İdarəsinə baş mühasib vəzifəsinə təyinat alıb. Bir neçə gün əvvəl gerçəkləşən bu təyinatdan narazı olan mədəniyyət işçiləri əmək haqlarının mənimsənilməsində sabiq mühasiblərindən də şübhələnirlər.
Onu da qeyd edək ki, ötən il Hesablama Palatasının apardığı audit yoxlamaları zamanı Sabirabad Mədəniyyət və Turizm İdarəsində külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi faktları aşkarlanmışdı. Sonradan mənimsənilən vəsaitlər dövlət büdcəsinə qaytarılmışdı.
GUNDEMİNFO.AZ olaraq mövzu ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.
1075 dəfə oxundu