Füzulinin icra başçısının adamları niyə dönük çıxır? ORTADA OLAN ACI GERÇƏK

Uzun illər Füzuli rayon icra hakmiyyətinin icra başçısı Alı Alıyevin müavini işləyib. Daha sonra isə Füzuli rayon icra hakimiyyəti başçısının şəhər üzrə icra nümayəndəsi olan Şakir Hacıyev yanvarın 13-də baş verən aksiyalara görə həbsə atıldı. İcra Hakimiyyətinin bu həbslə bağlı yaydığı açıqlamada ehtiyatlı nüanslar kifayət qədər çox idi. Açıqlamada deyilirdi - «Şakir müəllimin dövlətə və dövlətçiliyə qarşı çıxacağı heç kimin ağlına gəlməzdi».
Hər halda bu bir neçə mənada anlaşıla bilən məqamdır. İH-dən ans-ə verilən bu açıqlamanın arxasında narahatlıq dolu frazalar kifayət qədərdir. Axı necə ola bilər ki, 61 yaşlı Şakir Hacıyev Bakıda ola-ola Füzulidə etiraz aksiyası təşkil etsin? Tutaq ki, bu da baş verib.
Bəs necə olur ki, mətbuatla əməkdaşlığından qürrələnən Füzulinin icra başçısı əslən Füzulidən olan, 4 qız atası, həyat yoldaşını itirmiş və dövlətə, dövlətçiliyə sadiq bir adam bir anın içində etirazlar təşkil edir. Özü də erməni işğalçıları ilə bir addımlıqda olan rayonda bu baş verir.
Həm də bu adam illərlə icra başçısı Alı Alıyevin ən yaxın adamı olaraq. Hətta deyilənlərə əsasən Şakir Hacıyev icra başçısı ilə yaxın dost və ticarət ortaqlığı olan bir şəxsdir. Amma bu mövzunun qeyri-rəsmi hissəsidir. Ortada olan odur ki, Alı Alıyev əslində ən yaxın kadrları ilə bağlı olaraq seçim edə bilmir. Bəlkə də edə bilir. Sadəcə olaraq rayonda insanlar süni qiymət artımına qarşı etiraz aksiyası keçirirlər, daş atırlar və daşın altından icra başçısının illərlə bir yerdə olduğu, haqqında müsbət xasiyyətnamələr yazdığı ən strateji postu tutan kadrı çıxır…

Xatırlayırsınıza, bir zaman icra başçısı olan Alı Alıyev yaşlandığından dolayı jurnalistlərin verdiyi suallara cavab olaraq deyirdi ki, Dövlət Başçısı məsləhət bilsə işdən çıxmağa hazırdır.
GUNDEMİNFO.AZ olaraq kiçik bir araşdırma apardıq. Və bəlli oldu ki, qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, kənd təsərrüfatı üzrə güzəştli kreditlərin verilməsi (bura taxıl əkilən ərazilər xüsusilə daxildir), yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə Füzuli rayonu dövlət büdcəsindən ən çox vəsait alan rayonlardan biridir. İnzibati ərazisinin 50 faizdən çoxu düşmən işğalı altında olan bu rayonda icra başçısı nəinki kadrlarını belə seçə bilmirmiş, hətta insanlar həyatlarından da beziblərmiş, bezdirən kimdir…
Bezənlərin başında isə Dövlət Başçısının tapşırıqlarını birbaşa icra etməli olan Alı Alıyevin şəhər üzrə əsas icra nümayəndəsi dayanır…

Adətən belə hallarda icra hakimiyyətlərinin başçısı olan şəxslər həbs edilən ən yaxın adamlarının istintaqa verəcəkləri ifadələrdən ciddi narahat olurlar. Alı Alıyev də narahatdır hər halda. İllərlə icra başçısının tabeçiliyində olan bir adam cəbhə bölgəsində təxribata yol verib. Məsuliyyət həm də Alı Alıyevin üzərinə düşmürmü?
GUNDEMİNFO.AZ
P.S. Alı Alıyev hardadır? Niyə rayonda bu qədər olaylar baş verərkən, təxribatlar varkən digər rayonlar kimi narazı olan insanların qarşısına çıxıb onları dinləmir?
1732 dəfə oxundu