Bərdədə süni qiymət artıranlarla Vidadi İsayevin nə əlaqəsi? "REYD DEYİB ŞƏKİL ÇƏKDİRİRLƏR"

Bərdədə süni qiymət artıranlarla Vidadi İsayevin nə əlaqəsi?


Bərdə rayonunda süni qiymət artıranlarla bağlı inzibati tədbirlər davam etdirilir. Dövlət Başçısının dünən keçirdiyi hökumətin müşavirəsindən sonra bu rayonda heç nə dəyişməyib. GUNDEMİNFO.AZ-a bilgi verən rayon sakinləri deyir ki, regionun ən iri bazarlarından biri olan Bərdə bazarında ticarətçilər arasında ciddi narazılıq var.

Narazılıqlar da əsasən icarə haqları ilə bağlıdır. Problemlə bağlı dünən bir sıra saytlarda press-reliz yayan Bərdə Rayon İcra Hakimiyyəti süni qiymət artımları ilə bağlı monitorinqlər keçirdiyini bildirib. Lakin saytımıza müraciət edən sahibkarlar deyir ki, rayonda əsas strateji ticarət obyektləri icra başçısına məxsusdur.

Məlumatlara görə, Bərdə şəhərinin əsas prospektlərində və rayonun mərkəzi bazarında söz və səhm sahibi olan şəxslərin əksəriyyəti icra başçısı Vidadi İsayevin adamlarıdır. Məlumatlara əsasən Vidadi İsayevin yaxın biznes çevrəsində olan şəxslər onunla məsləhətləşmədən sonra nə icarə haqlarını, nə də qiymətləri aşağı salmayacaqlarına dair qərar veriblər.

GUNDEMİNFO.AZ-a danışan mənbə deyir ki, rayon ərazisində bir sıra çınqıl daşları karyerlərində, həmçinin də tikinti materiallarının satıldığı ərazilərdə də qiymətlərin aşağı salınması ilə bağlı düşünən belə yoxdur. İnformasiyalara əsasən bununla bağlı olaraq heç bir rəsmi göstəriş belə verilməyib.

Bununla belə mənbəmiz deyir ki, Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları rayon ərazisində süni qiymət artımları ilə bağlı olaraq reydlər keçirən zaman sadəcə olaraq şəkil çəkdiriblər. Yəni ortada konkret olaraq heç bir iş yoxdur. Rayon bazarında isə icarə haqları əvvəlki qaydada saxlanılıb. Qarşı tərəfin mövqeyi olarsa, dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
408 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...