BALAKƏNDƏ NARAZILIQ VAR - Şikayətlər artır

BALAKƏNDƏ NARAZILIQ VAR -


Dəyərli oxucular yəqin ki, son parlament seçkiləri ərəfəsində Balakən rayonunda cərayan edən proseslər haqqında dərc etdiyimiz yazıları xatırlayırlar. Həmin dönəmdə rayonun idarə olunmaması barəsində vurğuladıqlarımız artıq öz təsdiqini tapmaqdadır. Qeyd edək ki, rayon icra hakimiyyətinin başçısı İslam Rzayevi rayonda hamı “rivizor icra başçısı” kimi tanıyır. Bu adam rayonda xeyli sayda sərbəst fikir söyləyə bilən müstəqil adamları aylıq paket verməklə ələ ala bilib. Ancaq hələ ki, satın ala bilmədikləri şəxslər də ortalıqdadır.

Hazırda Balakəndə baş verənlər başqa mətləblərdən xəbər verir. Belə ki, rahon rəhbərliyi vahid komanda deyil və cumhuriyyet.az-a daxil olan məlumatlarda göstərilir ki, icra başçısının müavinləri bir-biri ilə ziddiyyətdə olan komandalara sahibdirlər. Rayon icra hakimiyyətində birinci müavin Azad Balayevin öz qruplaşması var. Sosial iqtisadi məsələlər üzrə müavin Mehbarə Nuriyevanın öz qruplaşması, humanitar məsələlər üzrə müavin Nəzakət Rüstəmovanın öz qruplaşması var desək yanılmarıq. Nəzərə almaq lazımdır ki, adı çəkilən müavinlərin qruplaşmasına idarə-müəssisə rəhbərləri, ikinci-üçüncü dərəcəli məmurlar daxildir. Məqsəd İslam Rzayevə etimadsızlıq mühiti yaratmaq və daha çox divident əldə etməkdən ibarətdir. Bu məsələ haqqında vaxtı ilə cumhuriyyət. az olaraq eyham vuranda bizləri məsxərəyə qoyub gülənlər artıq özlərinin hədəfdə olduğunu bilməlidirlər. Balakənin keçmiş icra başçısı Asif Məmmədov belə qruplaşmaların fəaliyyətinə imkan verməmişdi. Rayondakı mənbəmiz bu prosesi belə izah edir: “Necə idarəetməsindən aslı olmayaraq, Asif Məmmədov müavinlərinin xirtdəyindən bərk yapışıb onları ram edə bilmişdi. Ancaq eyni fikirləri hazırki başçı İslam Rzayev haqqında demək olmaz. Keçmiş başçı rüşvəti birbaşa özü almırdı. Pul ona başqalarının əli ilə çatırdı. Ancaq indi rayonda hər hansı tikinti üçün nəzərdə tutulmuş simetalardan tutmuş bütün maliyyə sənədlərinə kimi cənab başçının əlindən keçir. Axı bu hallar dövlət qulluqçusuna yaraşmaz, yaxud ona baş ucalığı gətirməz. İslam Rzayevin çatışmayan digər cəhəti verdiyi tapşırıqların necə icra olunmasını yoxlamamasıdırsa, digər çatışmayan cəhəti məmurlara qarşı qanuni cəzalardan istifadə etməməsidir”.

Görünür sadalananlarda həqiqət yükü var ki, rayonda anarxiya, məmur özbaşnalığı, bürokratik əngəllər və sadə vətəndaşların əzilməsi, hüquqlarının pozulması adi hala çevrilir. Necə ki, Cederovtala kəndinin sakini Zumrat Varşayev kimi. Şikayətçinin cumhuriyyet.az vasitəsi ilə yazılı və video müraciətini dəyərli oxucularımıza təqdim edirik: “Mən Varşayev Zumrat Şaban oğlu Balakən rayonu Cederovtala kənd sakiniyəm. Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə televiziya çıxışlarında qeyd edib ki, xalqın birinci xidmətçisi mənəm. Ancaq Balakəndə əksinədir. Bizim məmurlar rayon əhalisinə şərait yaratmaq əvəzinə, olan imkanları da bizlərin əlimizdən alaraq bizləri çətin şəraitdə qoyublar. Bizlər baş verən özbaşnalıqlarla bağlı dəfələrlə lazımı yerlərə şikayət etsək də təəssüf ki, heç bir tədbir görülməyib. Kənd camaatımıza məxsus örüş yerlərimizi 12 hektar ərazini rayon məmurları şəxsi maraqları üçün işbazlara satıb pulu mənimsəmişlər.

Kəndimizdə 1962-ci ildə təcili tibbi yardım məntəqəsi tikilib. Sonradan bu tikilini seçki məntəqəsi elədilər. Sonradan həmin binanı on min (10. 000) manata sataraq beş min manatı bələdiyyə xəzinəsinə daxil etdilər, beş mini isə bölüşdürüb mənimsədilər. Bütün bu haram yollarla əldə edilən pullardan doymayan məmurlar bu səfər kəndimizin qəbristanlığı üçün vaxtı ilə ayrılmış ərazilərə girişdilər. Sənəddə qəbristanlıq ərazisi 3 hektar göstərilib. Mən bu ərazini sabiq bələdiyyə sədri Fikrət İbrahimov və hazırki sədr Ramil Qordayevlə birlikdə ölçdük. Nəticə bu oldu ki, ərazi 2 hektar 45 sotdan ibarət oldu. Bu 2hektarın 45 sotu bağ hissəsində yerləşir. Həmin ərazini də ayrı-ayrılıqda iki nəfərə satıblar. Mən bu saxtakarlıqlar barəsində dəfələrlə lazımı yerlərə şikayət etsəm də tədbir görən yoxdur.

Mən ilk dəfə məsələni rayon icra hakimiyytində qaldırmışam. Onda məlum oldu ki, sən demə baş verən qanunsuzluqların arxasında elə icra hakimiyyəti dayanır. Bu ərazini sabiq bələdiyyə sədri Çerçiyev Ramiz Ramazan oğlu və keçmiş torpaq şöbəsinin müdiri Sabir Qardaşov satıblar. Əldə olunan puldan rayon icra hakimiyyətində onlara rəhbərlik edən şəxslərə də çatıb. Çox təəssüf ki, baş verənlər üzdə olsa da Balakəndə bu kimi qanunsuzluqlara qarşı tədbir görən yoxdur. Mən ölkəmizin rəhbərlərindən xahiş edirəm ki, kəndimizin örüş yerlərinin, qəbristanlığının, futbol meydançasının, seçki məntəqəsinin satılmasında iştirak edən şəxsləri ifşa etsinlər və barələrində qanuni cəza tətbiq etsinlər. Xahiş edirik ki, həmin ərazilər yenidən kənd əhalisinə qaytarılsın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...