Əsəd İdlibdə kimyəvi silahdan istifadəyə izn verdi - ABŞ kəşfiyyatı
Suriya prezidenti Bəşər Əsəd İdlib şəhərinin terrorçulardan azad edilməsi əməliyyatının gedişində hökumət qoşunlarına xlordan istifadə etməyə icazə verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə The Wall Street Journal ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb. Qəzet qeyd edir ki, Əsədin hücum əməliyyatlarında xlordan istifadəyə izn verməsi ilə bağlı məlumatı ABŞ kəşfiyyatı əldə edib.
Məlumata görə, Suriya situasiyasının son müzakirələri zamanı ABŞ lideri Donald Tramp İdlibdə kütləvi qırğınlar törədəcəyi təqdirdə Əsəd qoşunlarına güclü zərbə endirməyə hazır olduğunu bəyan edib.
Məlumatda o da qeyd edilir ki, Suriya, Rusiya və İranı İdlibə hücum fikrindən yayındırmağa yönələn beynəlxalq səylər uğursuz nəticələnib:
“Pentaqon hərbi variantlar üzərində işləyir, lakin Tramp hansı addımların hərbi cavaba səbəb olacağı, həmçinin ABŞ-ın hücum hədəfində Əsədə Suriyada yardım edən Rusiya və ya İran silahlı qüvvələrinin olub-olmayacağı ilə bağlı qərar qəbul etməyib”.
Qeyd edək ki, ötən həftə sonu Rusiya Müdafiə Nazirliyi Suriyada kimyəvi silah istifadəsi ilə bağlı təxribat hazırlıqlarının getməsinə dair xəbərdarlıq etmişdi.
788 dəfə oxundu