Lidiya Aloyan ərini öldürmək üçün Sahib İbrahimova sifariş veribmi... - SƏS KÜYLÜ PROSES
Bu gün Rusiyanın Ulyanovsk vilayət məhkəməsində “qara dul” Lidiya Aloyanın işi üzrə çıxarılmış hökmə yenidən baxılması üçün ilk iclas olmalıydı. Lakin iclas təxirə salınıb, çünki Aloyanın sifarişi ilə onun əri, biznesmen Amiran Aloyanı öldürməkdə ittiham edilən Sahib İbrahimov məhkəməyə gəlməyib. Proses iştirakçılarından heç kim onun harada olduğunu bilmir.
Lidiya Aloyanın (hazırda familiyasını dəyişdirib, Süleymanova olub) biznesmen ərinin qətlini sifariş verməsi üzrə qalmaqallı məhkəmə prosesi neçə vaxtdır davam edir. Nəhayət bu ilin mayında andlılar məhkəməsi onun və Sahib İbrahimovun barəsində bəraət hökmü verib. Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxslərin günahını sübut edən dəlil yoxdur. Lakin prokuror hökmdən protest verib və yuxarı instansiya məhkəməsini inandırıb ki, andlılar qərarı təzyiq altında çıxarıblar, işə baxılması zamanı qanunların kobud pozulması baş verib.
Həmin qətl 2014-cü ildə baş verib. Amiran Aloyan evinin qarşısında-arvadının və böyük qızının gözü qarşısında güllələnib. Bu qətlə görə Aloyanın arvadı, 4 uşaq anası Lidiya və ailənin çörək sexində işləyən Azərbaycan vətəndaşı Sahib İbrahimov tutulublar. İstintaq bu qənaətə gəlib ki, Lidiya Aloyan ərini qətlə yetirmək üçün S.İbrahimovu muzdla killer tutub. Lakin təqsirləndirilənlər bu ittihamı qəbul etməyiblər, istintaqda onlardan zorla ifadə alındığını bildiriblər.
İndi Sahib İbrahimovun məhkəməyə gəlməməsini prokuror İqor Ryabov onun günahını boynuna alması kimi qiymətləndirir. Prokurorun sözlərinə görə ibtidai istintaq İbrahimovun qətli törətdiyi barədə tutarlı sübutlar toplayıb. Ali məhkəmə bəraət hökmünü ləğv edərək işi təkrar məhkəmə istintaqına göndərib. İbrahimov isə bu səbəbdən məhkəmədən gizlənib.
Amma İbrahimovun vəkili Neyman Azadov bunu inkar edir. Bildirir ki, İbrahimov həbsdə və istintaq altında olduğu müddətdə onun Rusiyada qalma müddəti bitib. Nəticədə o Rusiyada qalma müddətini artırmaq üçün Azərbaycana gedib geri qayıtmalı idi. İstintaq isə buna icazə verməyib. Nəhayət bəraət hökmünün çıxarılmasından sonra Miqrasiya Xidməti İbrahimovdan ölkəni tərk etməyi tələb edib. “Biz İbrahimovla avqustda əlaqə saxlamışıq və o Rusiyadan çıxıb qısa müddət sonra geri qayıtmağa, yaşayış icazəsi alamağa və vətəndaşlıq üçün müraciət etməyə hazırlaşırdı”-vəkil deyib.
775 dəfə oxundu