Rusiyada kommunistlər 4 quberniyanı ələ keçirdi – SƏBƏB
Rusiya hökuməti xüsusi səy göstərir ki, ölkədə regional seçkidən sonra yaranan situasiyanı stabilləşdirsin. Hakimiyyət itirdiyi nüfuzunu geri qaytarmaq üçün repressiv, təbligat və ideoloji təsir vasitələrindən istifadə edir. Lakin bu, heç bir nəticə vermir. Problem odur ki, bu gün cəmiyyət Kremli qəbul etmir.
Axar.az xəbər verir ki, bu sözlər Rusiya Dumasının eks-deputatı Konstantin Borovoyun “Apostrof” saytında dərc olunan məqaləsində yer alıb.
“Kreml artıq hökuməti əhalidən qoruyacaq ikinci eşelon işə salıb. Bu funksiyanı Liberal Demokrat Partiyası və Kommunist Partiyası yerinə yetirməlidir. Kreml cəmiyyəti dəyərləndirə bilmir. O hesab edir ki, təbliğat kampaniyası ilə hər şeyin qarşısını ala biləcək. Son regional seçkinin nəticəsi artıq Kremli panikaya salıb. Hakimiyyət anlayır ki, indiki nəticələr hələlik seçicilərin ona ünvanladığı ilkin mesajdır”, – deyə o bildirib.
Borovoyun fikrincə, son regional seçkidə hakim Vahid Rusiya Partiyasının gözlənilmədən çox səs itirməsi regional elita ilə Kreml arasında yaranan fikir ayrılığının nəticəsidir:
“Regional elita göstərir ki, artıq mərkəz bölgədəki vəziyyətlə bacara bilmir və bunun üçün o, regional elitanın da fikrini nəzərə almalıdır. Putin qubernator vəzifələrinə özünün ən axmaq mühafizəçilərini yerləşdirib. Bu, bəlkə də təhlükəsizlik hissi yaradır, amma bir tərəfdən də onun bölgədəki təsirini yavaş-yavaş zəiflədir. Son seçki göstərdi ki, regional elita üçün artıq seçim şansı yaranıb. O, ya Kremlin təlimatlarından xilas olaraq yaşamağı, ya da mərkəzin tapşırıqlarını icra edərək bölgə əhalisi ilə birgə ölməyi seçəcək. Regional elita ölmək istəmir”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiyada bundan öncə keçirilən regional seçkidə ən böyük itkiyə Vahid Rusiya Partiyası məruz qalıb. Partiya bir çox bölgələrin qanunvericilik orqanlarında üstünlüyünü itirib. Hakim partiya 4 regionda isə qubernator kreslosunu Kommunist Partiyasına güzəştə getməli olub.
695 dəfə oxundu