Camal Qaşıqçının qatilləri cəzasız qaldı: Məhkəmə son hökmü oxudu

Camal Qaşıqçının qatilləri cəzasız qaldı:

Bazar ertəsi Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının Türkiyədə öldürülməsi ilə bağlı keçirilən məhkəmədə son qərar verilib.

Musavat.com xəbər verir ki, Ər-Riyad Cinayət Məhkəməsi səkkiz nəfər barəsində çıxarılan hökmü açıqlayıb. Məhkəmə beş nəfərin hər birini 20 il, bir nəfəri 10 il, iki nəfəri isə 7 il müddətinə həbs cəzasına məhkum edib. Lakin qətldə adı keçən Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman və digər şübhəli bilinən rəsmilərə heç bir cəza verilməyib.

Məhkəmə prosesi hüquq müdafiəçiləri və BMT-nin müstəqil təhqiqatçıları tərəfindən geniş tənqidlərə məruz qalıb. Onlar yüksək səviyyəli heç bir rəsminin, ya da qətli sifariş etməkdə şübhəli bilinən heç kəsin günahkar kimi tanınmadığını tənqid ediblər. Eyni zamanda Məhkəmənin müstəqilliyi də şübhə altına alınıb.

Xatırladaq ki, “Washington Post” qəzetinin köşə yazarı, ABŞ-da yaşayış icazəsi olan Camal Qaşıqçı evlənmək üçün sənədlərini almaq məqsədilə 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna getdiyi zaman orada qətlə yetirilib. Bu günə qədər də onun cəsədi tapılmayıb. Qaşıqçı “Washington Post” qəzetində yazdığı məqalələrdə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın yürütdüyü siyasəti tənqid edirdi.

Qətldən sonra Səudiyyə Ərəbistanına təzyiqlər artmışdı. Ər-Riyad rejimini qınayanlar arasında Ağ Ev də var idi. Bir qədər sonra Səudiyyə Ərəbistanı jurnalistin Türkiyədəki konsulluqda dava zamanı oradakı əməkdaşlar tərəfindən qətlə yetirildiyini etiraf etmişdi.

Səudiyyə hüquq-mühafizə orqanları qətllə bağlı 11 nəfəri saxlamışdı. İttihamçı onların beşi üçün ölüm cəzası tələb etmişdi. Lakin Ər-Riyad qətldə şübhəli bilinənləri istintaqın keçirilməsi üçün Türkiyəyə verməkdən də imtina etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...