Pullar dəhşətli xəstəliklər yayır... - Bəs dezinfeksiya edilirmi?/ RƏSMİ CAVAB
"Yoluxucu xəstəliklərin yayılmasında əsginas və dəmir pulların da rolu var. Bu pullar hər cür yoluxucu xəstəliyi insandan insana keçirə bilər".
BakuPost xəbər verir ki, bunu Trend-ə Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Məmmədov deyib.
Onun sözlərinə görə, pulların mikroblarla, viruslarla, mikroskopik göbələklərlə çirklənmə təhlükəsi çoxdur:
"Əllərində dəri xəstəliyi olanlar, vərəmə yoluxanlar əsginasa əllərini vurduqda bu xəstəliyi başqasına keçirə bilirlər. Sözsüz ki, əgər bir adam vərəm xəstəsidirsə, o, öskürürsə, vərəm çöpləri əsginasa da keçir. Kəskin respirator virus infeksiyaları da pula keçə bilir. Xəstə insan dəsmalla burnunu sildikdən sonra həmin əli ilə pulu götürürsə, onda pulun çirklənmə təhlükəsi yaranır. Əsginas pulların bəzisində hətta bağırsaq çöpü də tapılır. Bağırsaq çöpü isə müəyyən bir dövrdə bağırsaq xəstəliklərini törədə bilən patogen hala çevrilə bilər”.
A.Məmmədov qeyd edib ki, banklarda, xəzinələrdə - pulların sayıldığı digər yerlərdə pulların dezinfeksiyası üçün xüsusi texniki vasitələr olmalıdır.
Əsginas pulların kimyəvi dezinfeksiyasının və onun hansısa vasitə ilə silinməsinin mümkünsüz olduğunu deyən alim təklif edir ki, pulları ultrabənövşəyi şüalar vasitəsilə dezinfeksiya etmək olar:
"Təbabətdə ultrabənövşəyi şüa lampaları var. Onlar qısa dalğalar buraxmaqla virusu, mikrobu məhv edir. Yaxşı olar ki, banklarda və digər pul qəbul edilən yerlərdə belə ultrabənövşəyi şüa lampaları istifadə edilsin, pullar şüalandırılsın. Say qurğularına daxil edilən pulları ultrabönəvşəyi, qısa dalğalı şüalar buraxmaqla dezinfeksiya etmək olar. Bunun üçün xüsusi ekranlı və ekransız lampalar var. Onlar mikroblara çox öldürücü təsir edir. Bu lampalarla edilən dezinfeksiyaya fiziki dezinfeksiya deyilir”.
A.Məmmədov qeyd edib ki, bu şüalar vasitəsilə bağçaları, xəstəxanaları, cərrahi-əməliyyat bloklarını, hətta suyu belə dezinfeksiya etmək mümkün olur.
Alim hesab edir ki, belə vasitədən istifadə edilsə, əsginas pulların mikroblarla, viruslarla, mikroskopik göbələklərlə çirklənmə dərəcəsi azalar: "Sözsüz ki, bu, əhali arasında yoluxucu xəstəliklərin yayılma təhlükəsinin qarşısını müəyyən qədər ala bilər”.
Mikrobların saniyələrlə çoxaldığını deyən A.Məmmədov bildirib ki, onların əsginaslarda qalma müddəti saxlanma şəraitindən, rütubətlilik dərəcəsindən asılıdır:
"Kimsə pulunu sandıqda saxlayırsa, onda həmin pullar oksigensiz şəraitdə qalır. Qapalı, havasız yerdə qalan əsginaslarda mikroblar daha çox ola bilər. Əgər əsginas açıq havada saxlanılırsa, Günəş şüaları, oksigen mikrobları zərərsizləşdirir, onu artmağa qoymur. Çünki quru yerdə mikrob pis, nəm yerdə yaxşı inkişaf edir”.
A.Məmmədov bildirib ki, əsginas pullar üzərində mikroblar daha çox yaşaya bilər: "Elə insan var ki, onun əli tərli olur, əlindən piy xaric olur. Onlar da mikrobların inkişafı üçün böyük şərait yaradır. Metal pullarda bu şərait az olur. Metal pulları dezinfeksiyaedici məhlullarla silmək də olar. Bu baxımdan kağız pullar metal pullara nisbətən daha çox təhlükəlidir”.
Alim qeyd edib ki, yeni pullar az işlənildiyindən onlarda mikroblar az, çox işlənən kağız pullarda isə mikroblar daha çox olur.
O əlavə edib ki, banklarda xəzinadar işləyənlar özlərini pulların yaydığı xəstəliklərdən qorumaq üçün üzünə qoruyucu, steril maska salmalı, pulları saydıqdan sonra əlini dezinfeksiya etməlidır. Pulların saxladıldığı yer isə təmiz olmalı, həmin yerlər tez-tez dezinfeksiyaedici məhlullarla silinməlidir ki, orada mikrobların inkişafı üçün şərait olmasın.
Pulların infeksiya yaya bilməsi ehtimalı nəzərə alınaraq, banklarda pulların dezinfeksiyası həyata keçirilirmi və ümumilikdə pulların dezinfeksiyası ilə bağlı banklar qarşısında hər hansı tələblər qoyulubmu?
Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirib ki, hazırda tədavüldə olan milli pul nişanları nominalından və dövretmə tezliyindən asılı olaraq, orta hesabla ildə iki dəfə Mərkəzi Banka mədaxil olunur. Tədavüldən qayıdan pullar xüsusi avtomatlaşdırılmış sistemlərdə keyfiyyətinə görə emal olunur. Emal zamanı çirklənmiş və yararsız hala düşmüş pul nişanları tədavüldən çıxarılaraq Dövlət Komissiyası tərəfindən məhv olunur. Tədavülə isə yalnız yararlı və təmizlənmiş pul nişanları buraxılır.
N.Əliyev əlavə edib ki, yararlı kimi emal olunmuş pul nişanları yenidən dövriyyəyə buraxılana qədər Mərkəzi Bankın xəzinələrində saxlanılır. Bankın xəzinə saxlancları isə müvafiq xidmət müəssisələri tərəfindən vaxtaşırı dezinfeksiya olunur:
"Eyni zamanda, bildirmək istərdik ki, Mərkəzi Bankda pulların saxlanması beynəlxalq ekspertlərin tövsiyələri və pulların saxlanması üçün beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilir. Bu məqsədlə Mərkəzi Bankın bütün xəzinələrində pulların (kağız və metal) saxlanması üçün ən optimal temperatur və rütubət rejimini dəstəkləyən sistemlər quraşdırılıb. Qeyd etmək istərdik ki, bu standartlarla bağlı Mərkəzi Bank tərəfindən kommersiya banklarına da müvafiq tələblər müəyyən edilib. Belə ki, pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə banklara dövriyyəyə yalnız müvafiq avtomatlaşdırılmış sistemlərdə emal olunmuş pulların, əks halda isə Mərkəzi Bank tərəfindən formalaşdırılmış pul nişanlarının buraxılması tapşırılıb”.
3284 dəfə oxundu