Azərbaycan Polisinin 100 illik yubileyi ilə bağlı - Müsabiqə
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Polisinin 100 illik münasibətilə daxili işlər orqanlarının fəaliyyətini işıqlandıran və tərənnüm edən nominasiyalar üzrə respublika müsabiqələri elan edir.
DİN-in mətbuat xidmətindən Axaraz-a bildiriblər ki, müsabiqələr ümumilikdə 12 mövzu – “Azərbaycan Polisinin yaranma tarixi və təşəkkülü”, “Respublika daxili işlər orqanlarının sovet dönəmindəki fəaliyyəti və əldə etdiyi təcrübə. Milis əməkdaşlarının 1941-1945-ci illər müharibəsi dövründəki fədakar xidmətləri”, “Azərbaycan Polisinin müstəqilliyin ilk illərində topladığı təcrübə. Hüquqi dövlət quruculuğu prosesində, ölkədə kriminogen vəziyyətin nəzarətə alınması, asayişin və sabitliyin bərpası və qorunması”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlayaraq Azərbaycan Polisinin keçdiyi xidmət və döyüş yolu”, “Ağır və xüsusilə ağır cinayətlərin açılmasında, dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında, istintaqının aparılmasında polisin fədakar xidməti”, “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində polis əməkdaşlarının fəaliyyəti”, “Azərbaycan Polisinin beynəlxalq əməkdaşlığı, beynəlxalq polis təşkilatları ilə əlaqələri”, “Respublika Daxili İşlər Nazirliyində həyata keçirilən islahatlar, xidmətin müasir tələblər səviyyəsində təşkili. Ölkəmizdə asayişin daha müasir metodlarla qorunması üçün yaradılan yeni struktur təsisatları və onların informasiya texnologiyalarının tətbiqinə əsaslanan fəaliyyətinin nəticələri”, “Polisin kadr özəyinin təkmilləşdirilməsində və daha da gücləndirilməsində xüsusi təyinatlı təhsil müəssisələrinin rolu”, “DİN-in tibb müəssisələrində yeni texnologiyaların və elmi yeniliklərin tətbiqi”, “Daxili işlər orqanları əməkdaşlarının fiziki hazırlığı. İdmançı əməkdaşların qazandıqları uğurlarda DİN-in İdman Cəmiyyətinin rolu”, “Polisin ictimaiyyətlə əlaqələri” üzrə elan olunur.
Müsabiqə “Ən yaxşı televiziya filmi (verilişi)”, “Ən yaxşı oçerk” və “Ən yaxşı mahnı” nominasiyaları üzrə keçirilir. Hər müəllif televiziya filmi (verilişi), hekayə və mahnı nominasiyalarından yalnız birində iştirak edə bilər. Təqdim olunacaq əsərlər müəyyən edilmiş mövzular üzrə olmalıdır. Müsabiqə üçün hazırlanmış əsərlər Daxili İşlər Nazirliyində yaradılmış Xüsusi Komissiyaya təqdim edilməlidir.
Əsərlər qəbul edilərkən hər hansı televiziya kanalında yayımlanan film (veriliş) və ya mahnı diskdə, oçerk isə dərc olunduğu mətbuat orqanının (qəzet, jurnal) həmin nömrəsindən bir nüsxədə təqdim edilməlidir. Əsərin elektron variantı (Arial 12 şriftində - CD diskdə) bir və A4 formatda çap olunmuş variantı-mahnının partiturası (müəllifin imzası göstərilməməlidir) 3 nüsxədə olmalıdır.
Müsabiqəyə qatılmaq üçün iştirakçı haqqında məlumat, şəxsiyyət vəsiqəsi və onun surəti, şəxsi VÖEN və surəti, şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd) tələb edilir. Daxili İşlər Nazirliyinə təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Müsabiqə 2018-ci il fevralın 28-də başlayır və mayın 30-da başa çatır. Yaradıcılıq işləri hər gün (bazar günündən başqa) saat 10:00-dan 16:00-dək DİN-in mətbuat xidmətinə iştirakçının özü tərəfindən təqdim olunmalıdır. Sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda əsər müsabiqəyə buraxılmır. Regionlarda fəaliyyət göstərən yaradıcı şəxslər müsabiqəyə yazıları özləri və ya səlahiyyətli nümayəndələri vasitəsilə təqdim edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılar qiymətləndirilərkən mövzunun əhatə olunması, araşdırma, əsaslandırma, materialın tamaşaçı, dinləyici, oxucu üçün informasiya payı, təqdim olunan əsərin dil və üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi, obyektivlik, qərəzsizlik, tərəfsizlik və məsuliyyət, ictimai maraqların müdafiəsi meyarları nəzərə alınacaq. Əsərlər 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.
Müsabiqəyə təqdim olunmuş əsərlərin mükafatlandırılması zamanı hər istiqamət üzrə üç qalib müəyyən ediləcək. Birinci yer üçün 3000, ikinci yer üçün 2000, üçüncü yer üçün isə 1000 manat məbləğində mükafat nəzərdə tutulub.
İştirakçı haqqında məlumat cədvəli doldurularkən təqdim olunan əsərin mövzusu, müəllifin adı, soyadı, atasının adı, mətbuatda təxəllüsü (əgər varsa), işlədiyi orqan, yaxud üzvü olduğu yaradıcılıq təşkilatı, ünvanı və poçt indeksi, eləcə də iş, ev və mobil telefon nömrələri, elektron poçt ünvanı qeyd edilməlidir.
Ünvan: Bakı şəhəri, Azərbaycan prospekti 7. Əlaqə telefonları: (012) 590 98 10, (012) 590 20 25, elektron ünvan: [email protected]
1192 dəfə oxundu