Babəkin də başı saxlanılan Abbasi xəlifələrinin muzeyini hansı hökmdar dağıtdı? — TARİXİ FAKT
Elxanilər dövlətinin hökmdarı Hülakü xan (Hüləgü xan) Bağdadı mühasirəyə alaraq xilafətin hökmranlığına son qoyur.
“Ölkə.Az” bu gün oxucularına tarixçi Əkbər Nəcəflə Bağdadın işğalı zamanı bir çoxunun bilmədiyi tarixi bir faktı təqdim edir.
Hülakü xanın ordusu 1257-ci ilin noyabrında Bağdad üçün yürüşə başladı. Hülakü xan şəhərin yaxınlığında Dəclənin şərq və qərb sahillərindən şəhəri mühasirəyə almaq üçün ordunu iki hissəyə böldü. Hülakü xan şəhərin təslim olmasını tələb etdi. Ancaq Xəlifə Mustasım Billah təslim olmaqdan imtina etdi. Xəlifənin ordusu qərb tərəfdən olan bəzi hücumları dəf etdi, ancaq növbəti döyüşdə məğlub oldu. Hücum edən monqollarbəndləri dağıtdılar və daşqın yaradıb xəlifənin ordusunu tələyə saldılar. Ordunun çox hissəsi ya öldürüldü, ya da boğuldu.
Çinli general Quo Kanın rəhbərliyi altında monqollar çəpərlər və xəndəklər inşa edərək və mühasirə texnikaları və katapultları gətirərək 29 yanvar 1258-ci ildə şəhəri mühasirəyə aldılar. Mühasirə standartları döyüşün vaxtını qısaltdı. Fevralın 5-ə qədər monqollar divarın sahəsinə nəzarət edirdilər. Xəlifə danışıqlar aparmağa çalışdı, ancaq monqollar imtina etdilər. Monqollar fevralın 13-də şəhərə daxil oldular və bir həftə şəhəri dağıtdılar.
“Hüləgü xan sadəcə, Bağdaddakı Xilafət mirasını dağıtmaqla qalmadı, eyni zamanda bu şəhərdəki maraqlı bir muzeyi də yox etdi. Həmin muzey Kəsik Başlar Muzeyi, yəni "Xızânətu’r-Ru’ûs" adlanırdı.
Abbasi xəlifələri dövlətə üsyan etmiş insanların kəsilmiş başlarını bu muzeydə sərgiləyirdilər. Edam edilən üsyankarların kəsilən başları xəlifələrə göstərilirdi. Daha sonra həmin baş dövlət adamlarına göstərilir, sonra da xalqa açıq yerlərdə sərgilənirdi. Ən sonunda bu başlar Kəsik Başlar muzeyinin "müvəkkil"inə verilirdi. Burada həmin başlar xüsusi olaraq təmizlənir, içi boşaldılır, çürüyəcək yerlər çıxardılır, daha sonra uzun müddət qoruma xüsusiyyəti olan kafur, sandal ağacı kimi bitki və baharatlarla içi doldurulurdu. Ancaq bundan sonra həmin baş muzeydə qamışdan düzəldilmiş səbətlərin içinə qoyub rəflərə yerləşdirilirdi. Bu səbətlərin üstündə kəsilən başın sahibinin adı yazılan kiçik bir lövhə olurdu. Belə lövhələrdə "Bu, İmama (yəni xəlifəyə) xəyanət edən və dövləti yıxmağa çalışan insandan bir parçadır" sözləri də yazılırdı.
Kəsilən başlar arasında Babəkin başı da yer alırdı. Ən maraqlısı isə bu başlar arasında Xəlifə Əminin başının olmasıdır. O, 813-cü ildə qardaşı Məmun tərəfindən öldürülmüş, başı da xəzinəyə göndərilmişdi.
Kəsik başlardan başqa burada bir kəsik əl də mövcud idi. Həmin əl vəzir Əbu Əli ibn Mukləyə (X əsr) aiddir. Əli kəsilən Muklə daha sonra belə demişdir: "O əllə üç xəlifətə üç dövr xidmət etdim, iki dəfə Quran yazdım, ancaq bir oğrunun əli kimi əlimi kəsdilər".
Muzeyin yaradılmasına səbəb Abbasi xəlifələrinin öz dövlətlərinin əbədi olduğunu sərgiləmək, ona qarşı gələnləri qorxudmaq və bunun da canlı nümunəsini görmək istəyi idi”, - deyə tarixçi Əkbər Nəcəf bildirib.
1105 dəfə oxundu