Bayıl yamacında köçürülən sakinlər aksiya keçirdilər - FOTOLAR, VİDEO

Bayıl yamacında köçürülən sakinlər aksiya keçirdilər -

Bayıl yamacında sürüşmə sahəsində ziyan çəkmiş 6 fərdi yaşayış evində yaşayan sakinlərə bir dəfəlik maddi yardımın verilməsi ilə bağlı baş nazir Artur Rəsi-zadə tərəfindən Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb.

Bu barədə Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib: “Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşmüş, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb”.

Bildirilib ki, qeyd olunan vəsait Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ailə başçılarının bank hesablarına 3 gün müddətində köçürüləcək. Həmin 6 fərdi yaşayış evinin tam sökülməsi də Səbail RİH-ə həvalə olunub.

Onu da xatırladaq ki, baş nazirin müavini Abid Şərifov bildirmişdi ki, Bayıl sürüşmə zonasından 97 ailə köçurüləcək. Abid Şərifov qeyd etmişdi ki, köçürülən ailələrə kompensasiya veriləcək: "Bayıl sürüşmə zonasından köçürülməli olan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi məsələsi üzərində çalışırıq. Amma bu, asan məsələ deyil. Vəsait məsələsinin həllinə çalışırıq”.

Musavat.com-un əməkdaşı Bayıl yamacına yollanıb, sakinlərin vəziyyəti ilə maraqlanıb. Əraziyə çatdığımızda müşahidə etdik ki, sakinləri əksəriyyəti küçəyə toplaşıb, aksiya edirlər. Öyrəndik ki, narazı sakinlər 11 aylıq kirayə pulu təklif olunub, köçürülənlərdir. Onların əksəriyyəti verilən kirayə pulu ilə razılaşmayıb, evlərini tərk etməyiblər. Kirayə çıxanlar isə gündüz evlərinə qayıdıb, təmizlik işləri aparır, həyətlərinə nəzarət edirlər. Ərazidə sürüşmə zamanı qurulan polis postu da götürüldüyündün, istənilən şəxs məhəlləyə daxil ola bilir. Ona görə də sakinlər evlərini yiyəsiz qoymaqdan ehtiyat edirlər.

Onlar bildirdilər ki, etirazlarının səbəbi kompensasiyanın miqdarının az olması ilə bağlıdır. Hesab edirlər ki, 6 evin hər kvadratmetri üçün 700 manat ödənilibsə, onlara da eyni qayda ilə hesablanıb, kompensasiya veriləcək. Bu məbləğ isə sakinləri qane etmir. Bildirdilər ki, digər yerlərdə necə hər kvadratmetr üçün 1500 manat ödənilibsə, eyni qayda Bayıl üçün də tətbiq olunsun. Əks halda evlərini tərk etməyəcəklər.

Musavat.com-a danışan Fatma Əliyeva söylədi ki, nəvələri ilə birlikdə aylardır, soyuq evdə yaşamağa məcburdur: “Aylardır ki, işıqsız, qazsız qalmışıq. Uçan 6 evin hər kvadratına 700 manatdan pul ödəyirlər. Onlar 5-6 ildir ki, burada yaşayırdılar. Biz isə 50-60 ildir bu evdə yaşayırıq. Hər kəsin öz evini özünə şirindir. Bizə dedilər ki, torpaq sürüşür, ev uçur. Bəs nə oldu? Niyə uçmadı? Burada heç bir təhlükə yoxdur. Kommunal xətlərimizi bərpa etsinlər, evimizdən çıxmırıq. Komissiya gətirib, baxsınlar ki, burada hansısa bir təhlükə var, yoxsa yoxdur. Qışın günü bizə dedilər ki, evinizdən çıxın. Atılar bizi çölə. Bu necə işdir axı. İndi də heç kim gəlib maraqlanmır ki, bu camaat işıqsız, qazsız burada necə yaşayırlar. İşığımızı, qazımızı, suyumuzu versinlər, çıxaranda da gəlib insan kimi çıxarsınlar. 5-6 evə görə bu qədər camaatı töküblər küçələrə. İndi biz hara gedək? Verdikləri kirayə pulu ilə də heç yerdə ev tapmaq mümkün deyil. Köçürməyin qaydası var. Mənim pulumu normal verin ki, gedib buradakı evimi başqa yerdə qurum. Lap tutalım ki, evimizi uçurdular. Gedib başqa yerdə belə ev qura biləcəyikmi bu yaşda? İllərdir ki, yeməyib, içməyib özümüzə şərait qurmuşuq”.

Digər sakinlər də bildirdilər ki, 50 ildir, burada yaşayırlar və indiyə qədər hər hansı sürüşmə müşahidə etməyiblər: “İndi də bir hissəyə qaz, su veriblər, bizim məhəllənin digər hissəsinə də deyirlər ki, köçməlisiniz. Necə olur ki, torpaq gələndə camaatın yarısının evini uçurur, yarısını uçurmur. Belə qanun olar?”

Sakin Eldar Muradov da bildirdi ki, yanvarın 24-dən camaatı küçələrə töküblər: “Suyun nəticəsində bir balaca sürüşməyə görə bu qədər camaatı evindən didərgin salıblar. Camaat 40-50 ildir ki, burada yaşayır. İnsanlar özləri üçün lazım olan bəzi əşyalarını aparsalar da, əsas mebelləri çıxarmayıblar. Çıxaranın da mebeli sınıb, dağılıb. İnsanlara xeyli maddi ziyan dəyib. Belə haqsızlıq olmaz axı. Abid Şərifov da deyir ki, gəlib orada torpaqları zəbt ediblər. Mən özüm Zəngilan rayonundan məcburi köçkünəm. 1993-cü ildə mərhum prezident Heydər Əliyevin bizə yaratdığı şərait nəticəsində öz pulumla burada ev tikmişəm. Biz erməni deyilik ki, torpağı zəbt edək. Abid müəllim bu dinc, kasıb camaatı sanki erməni zənn edir. Deyir ki, gəlib torpaq zəbt etmisiniz. Biz Azərbaycan vətəndaşıyıq və ailədə 8 nəfərik. Bəyəm 2 sot torpaqda yaşamaq hüququmuz yoxdur? Onda belə çıxır ki, bu torpaq Abid Şərifovundur, biz də buranı zəbt etmişik. Biz bu torpağı dövlətin bilmişik. Heç qaçqınlıq dövründə bu qədər əziyyət çəkməmişdik. Xahiş edirik ki, səsimizi eşidib, bizə kömək etsinlər. Camaatın kommunal xətlərini versinlər, biz kirayə pulu istəmirik. Qayıdaq gələk öz evimizdə yaşayaq”.

Sakinlər Abid Şərifovun fikirlərindən narazı olduqlarını söylədilər: “O, deyir ki, “Sovetski” camaatı dədə-baba yurdunda yaşayıblar, onlara kompensasiya verilib. Bizim də dədə-baba yurdumuz erməninin tapdağı altındadıq. Geri alınsın, gedib orada yaşayaq. İkincisi də burada 50-60 ildir, yaşayan ailələr var. Bəyəm onların dədə-baba yurdu başqa yerdir? Ümumiyyətlə, bu, nə yanaşmadır, axı?”

Sakinlər yekun olaraq bildirdilər ki, onlara ya normal kompensasiya verilsin, ya da kommunal xətləri bərpa olunsun ki, evlərində yaşaya bilsinlər. Onlar söylədilər ki, əks halda etirazlarını davam edəcəklər.

Bayıl yamacında köçürülən sakinlər aksiya keçirdilər -
Bayıl yamacında köçürülən sakinlər aksiya keçirdilər -
Bayıl yamacında köçürülən sakinlər aksiya keçirdilər -
Bayıl yamacında köçürülən sakinlər aksiya keçirdilər -
Bayıl yamacında köçürülən sakinlər aksiya keçirdilər -
Bayıl yamacında köçürülən sakinlər aksiya keçirdilər -
Bayıl yamacında köçürülən sakinlər aksiya keçirdilər -
Bayıl yamacında köçürülən sakinlər aksiya keçirdilər -
Bayıl yamacında köçürülən sakinlər aksiya keçirdilər -
Bayıl yamacında köçürülən sakinlər aksiya keçirdilər -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
928 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...