"Hər gün restoranlarda 200-300 manat hesab verənlər..." - Adil Əliyev

"Hər gün restoranlarda 200-300 manat hesab verənlər..." -

Adil Əliyev: "Hər gün restoranlarda 200-300 manat hesab verənlər, vəzifəli şəxslərə görə restoranlarda 1000-2000 manat xərcləyənlər idmançıya 100-200 manat verməkdən boyun qaçırırlar”

Millət vəkili, Azərbaycan kikboks Federasiyasının prezidenti Adil Əliyev Unikal.org-a müsahibə verib.


- Adil müəllim, sizdə idmana maraq haradan yaranıb?

- Böyük qardaşlarım idmançı olublar. İdmana gəlməyimdə onların böyük xidmətləri olub. Həmçinin, idman təmayüllü məktədə oxuduğum, Hərbi akademiyada təhsil aldığım üçün idmana bağlı olmuşam.

- Sizcə, siyasi fəaliyyətlə məşğul olmasaydınız, idmanın hansı növündə və hansı pilləyə qədər irəliləyə bilərdiz?

- Hazırda idman mənim üçün hobbidir. Sırf idman fəaliyyəti ilə nə vaxta qədər məşğul ola bilərsən? Onun da bir vaxtı var. Bundan sonra idman mütəxəssisi ola bilərsən. Bu gün şükürlər olsun ki, idmana diqqət və qayğı var. İdman mütəxəssisləri də dövlət və dövlət başçısı tərəfindən mükafatlandırılır.İdmanın hansı növüylə məşğul olardınız dedikdə, tale hansı növə gətirib bağlayıbsa onunla da məşğuluq. Cüdo, əlbəyaxa döyüş növləri ilə məşğul olmuşam. Bu gün isə kikboks idman növü ilə məşğulam.

- Cüdodan xəbərimiz vardı, əlbəyaxa döyüşlə nə vaxt məşğul olubsunuz?

- Orta məktəbi bitirdikdən sonra Rusiyaya Ali Hərbi Dənizçilik Məktəbində oxumağa getdim. Orada cüdo idmanı yox idi. Qapalı hərbi məktəb idi. Kənara çıxmaq mümkün olmadığı üçün mən də hərbi məktəbin ərazisində fəaliyyət göstərən əlbəyaxa idman növüylə məşğul olmağa başladım.

- Kikboks federasiyasının ilk prezidenti Azər Həsənsoy idi...


- Ümumiyyətlə, Federasiyanın prezidenti, yaradıcısı Azər Həsənsoy olub. Düzdür, ondan əvvəl də kiminsə olduğunu deyirlər. Amma mən bu idmanda əziyyət çəkən kimi Azər Həsənsoyu görmüşəm. Azər Həsənsoy olanda mən federasiyaya gəlmişəm. 1995-1996-cı illərdə mənim dostumun qardaşı kikboksla məşğul idi. Mən də onun yarışlarına gedirdim, izləyirdim. O vaxtdan da mən kikboks federasiyasına gəldim. Əvvəl idarə heyətinə, sonra vitse-prezident oldum.
1999-cu ildən isə həm polis orqanlarında çalışırdım, həm də federasiyaya prezident təyin edilmişdim.
Həm Uşu-Sanda həm də Kikboks federasiyasında fəaliyyət göstərdim. Sonradan qərarlaşdırdıq ki, mən kikboksu götrüm, Azər müəllim də Uşu-Sanda idman növünü...

- Kikboks Federasiyasına rəhbər təyin olmanızla bağlı başqa fikirlər dolaşır. Belə ki, siz federasiyanı loru dillə desək Azər Həsənsoyun əlindən almısınız.

- Xeyr, bizim aramızda heç bir narazılıq olmayıb. Azər Həsənsoy uşaq deyil ki, onun əlindən federasiyanı alasan. Ortaq şəkildə belə qərara gəldik. Bir əldə iki qarpız tutmaq olmaz. Federasiyanın bir rəhbəri olar. İki nəfər olanda hər rəhbər bir söz deyəcək və arada parçalanma olacaq.

- Kikboksdan başqa hansı idmana dəstək olursuz?


- Xüsusi olaraq başqa idmana dəstəyim yoxdur. Ancaq idmançılara dəstək ola bilərəm. Əsas öz federasiyamızdır. Dövlətimiz idmana hər zaman diqqət və qayğı göstərir. Mən də öz növbəmdə köməkliyimi göstərirəm. Amma yaxşı bilirik ki, kim buna layiqdir, kim yox...
İdmançılarımız olub ki, onlara çox dəstək olmuşuq. O vaxt hələ MOK da yox idi. Böyük çətinliklər var idi, yarışa gedə bilməyən idmançılarımız olurdu. Onlara köməklik göstərirdim. Çünki onlar mənlə birlikdə məşq edən idmançılar olub. Özüm idmandakı çətinlikləri görmüşəm, tanıdıqlarımın da o çətinlikləri yaşamaması üçün əlimdən gələni etmişəm.

- Bizə verilən məlumata görə, sizdən kömək istəyib sonda narazı gedən idmançılar da olub.

- Narazı insan ola bilər. Mən bunu normal qəbul edirəm. Heç kim deyə bilməz ki, mən ya idmançı ya da mütəxəssis kimi bunu haqq etmişəm, mənə etməyiblər.Məndən inciyənlərin olması barədə eşitməmişəm.

- Bir müddət əvvəl bəzi idmançılar haqqında tənqidi fikir bildirmişdim. Buna etiraz edənlər oldu, bildirildi ki, "Kikboks federasiyasından soruşun ki, bəzi idmançıları niyə yarışlara aparmırlar”.

- Görünür, o idmançının Biləcəridən o tərəfə çıxmaq halı yoxdur. Onları WAKO yarışlarına aparıb özümüzü biabır edəsi deyilik. Sizə bunu deyən kimdir? Deyin mən cavabını verim.

- Deyənlər içərisində Hap Ki Do federasiyası da vardı.

- Hap Ki Do federasiyası bir nömrəli dələduz federasiyadır. İkinci dələduz federasiya Budo, 3-cüsü də Cu-boksinq federasiyasıdır.

Bunlar hamısı saxtakarlıqla məşğuldurlar. Hamısı Azərbaycana saxta çempionlar gətirirlər. Dediyim kimi də yazın. Bu adamların vətənə xidmət adlı anlayışı yoxdur. Bu adamların fikiri ancaq saxta yollarla adlar almaq, ölkəyə saxta çempionlar gətirməkdir. Bununla da insanları aldatmağa çalışırlar. Onların zamanı artıq bitdi.

Bizim yalançı çempionlara ehtiyacımız yoxdur. Bu gün biz "k-1” dünya çempionatına, "Glory” dünya çempionatına adam tapa bilmirik ki, göndərək. İndi hamısı çempion olub. Hamısı özlərini dünya şöhrətli adam hesab edir. Onlar Biləcəridən o tərəfə keçə bilməyənlərdir. Biz bunları yalandan "üfürə-üfürə” saxlamışıq, diqqət göstəririk, elə bilirlər ki, onlar doğrudan da nəyəsə qadirdirlər. Bu idmançıların Azərbaycanda bir-birini udmaqları o demək deyil ki, onlar dünya səviyyəli idmançılardır. Çoxları deyir ki, "İran vətəndaşını gətirib burada çempion etdiniz. Onlar sabah bizim torpaqlarımızı qorumayacaqlar”. Əşi sən burada dediyin o İran vətəndaşını ud, sonra səni ölkədən kənara çıxardaq.

- Söhbət Bəhram Rəcəbzadədən (İrandan gələn cənubi azərbaycanlıdan) gedir?

- Bəhram, ya başqa qeyrisi... Bəhram k-1 üzrə dünya çempionu olub. O elə-belə idmançı deyil.Söhbət ondan gedir ki, o danışanlar haqqında hər şeyi bilirik. Məlumatımız və xəbərimiz var. Heç kim bizə irad tuta bilməz. Öncə Allahdan, sonra qanunlardan qorxuruq. Qanun çərçivəsində biz idmançılarımızın haqq etdiklərini artıqlamasıyla onlara vermişik. Heç kim deyə bilməz ki, mənim haqqımı başqasına vermisiz. Bu gün cənab prezidentin əlindən mükafat alanlar, evlə təmin olunanlar, ad alanlar seçkilərə gəlib iştirak etmirlər. İndi onlar bizim qarşımızda nədən danışa bilərlər. Heç nədən danışa bilməzlər, çünki haqq da etməyiblər. Çünki onların içərisində qurdlar oynayır. Onların çoxları bu gün ancaq narazılıq etməklə məşğuldurlar. Qaçıb orada-burada dövlətə qarşı fikir söyləyənlərin çoxları bizim aramızda gizləniblər.

- Azad Rəhimovun yerinə təyin olunacağınızla bağlı fikirlər ortaya atıldı. Bunu sizcə kim yayıb?


- Bu nə fikirlərdir, haradan yayılıb. Vallah kimdir bu dəli adam, kimdir özündən vəzifəyə insan təyin edən? Vəzifəyə getmək bizim istəyimizlədir? Ayıb söhbətlərdir. Biz bu dövlətə, vətənə vəzifə üçün xidmət etmirik. Mən vəzifə və pul üçün xidmət edən adamlardan deyiləm. Dövlət bizə nəsə verir deyə sevmirik. Bu gün mən dövlətdən heç nə almıram, heç nə də görməmişəm, heç bir tenderində, layihəsində iştirak etməmişəm. Bəlkə də iştirak edə bilərəm, kimdənsə, oradan-buradan nəsə xahiş edib o layihələrə qoşula bilərəm. Bu tenderdə, layihələrdə iştirak edən adamların hamısı oğurluq məqsədi ilə edirlər. Mən də oğru deyiləm. Mən heç vaxt onlardan heç nə ummamışam. Bu söz-söhbəti qəsdən yayanlar, məni hörmətdən salmaq istəyənlər bilsinlər ki, ölkəmə xidməti öz vicdanıma görə edirəm. Vətənə xidməti bu gördüyüm işlərlə edirəm.Yoxsa hamı boş-boş danışır, qeybət qırır. Onlardan soruşsan ki, sən ölkən üçün nə iş görmüsən ki, nə də alasan?

- Kikboks Federasiyasının bugünkü nəticələri kimin gücünədir? Adil Əliyevin, ya başqaları da rol oynayır?

- Bu bizim formalaşmış kikboks ailəsinin hər bir üzvünün gücüdür. İdmançılarımıza da demişəm, aranızda məndən çox bacarıqlısı, işləyəni varsa, onu rəhbər seçək. Vitse-prezident, komanda rəisi olmaq ayıb deyil. Mən də həmin postlara keçə bilərəm.Başqa imkanlı şəxslər varsa, onu da gətirə bilərsiz. Təki idmanımız inkişaf etsin. İdmana olan sevgimdir ki, mən kikboksla məşğulam.Hamı gedib restoranlarda araq içəndə, biz gedib zallarda tər tökmüşük, idmançıları yarışlara göndərmişik. Özümə görə heç vaxt kimdənsə nəsə xahiş etməmişəm. Şirkətlərə zəng edirəm ki, idmançılarımızı yarışa göndərməyə dəstək olsunlar. Hazırkı komandamızın əlinə adı heç yerdə hallanmayan bir idman növünü verin yenə həmin uğuru əldə edəcəyik. Biz bunu ürəklə edirik, heç bir təmənnamız yoxdur.

Federasiyaya vitse-prezident gələnlər elə bilirdilər ki, gələn kimi cənab prezidentin əlindən mükafat alacaqlar. Fikirləşmirdilər ki, burada 15-20 il əməyi olanlar var. İnsanlarımızın 80 faizi dövlətə vətənpərvər kimi xidmət etmirlər. O insanların işləri hər zaman maraq üzərində qurulub. Bu gün idman ictimaiyyətində olanların çoxu öz maraqlarını güdürlər. Ola bilər onlar özlərinə görə yaxşı oğlandır. Amma bu vətənpərvər olmaq deyil.Bu gün bizə dayaq olan vitse-prezidentlərimiz var. Onların da federasiyaya dəstəyi var. Amma bu gün iş adamlarımız idmançılara dəstəyə biganə yanaşırlar. İmkanlı adamlarımız tək idmançılara yox, qaziyə də, kasıba da, əlilə də biganə yanaşırlar. Biz bir çox yerlərdə millət olaraq axsayırıq. Bu insanlar idman hərəkatına qoşulsa, yaxşı olar.

Hər gün restoranlarda 200-300 manat hesab verənlər, vəzifəli şəxslərə görə restoranlarda 1000-2000 manat xərcləyənlər idmançıya 100-200 manat verməkdən boyun qaçırırlar. O idmançıdır, sənin ölkənin bayrağını qaldırıb, himnini səsləndirir. Bir dəfə gəlib idmançının başına sığal çəkmirsən. İş adamısan bunu edə bilərsən.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1151 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...