"ABŞ-ın nüvə sazişindən çıxması regionda qarşıdurmanı gücləndirəcək " - ŞƏRH

"ABŞ-ın nüvə sazişindən çıxması regionda qarşıdurmanı gücləndirəcək " -

"ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişindən çıxmaq qərarını daxili və xarici təzyiqlərə görə verib. Belə ki, bu gün Ağ Evdə Tehrana qarşı sərt tədbirlərin görülməsinə tərəf çıxanlar üstünlük təşkil edir".

Bunu "Report"a rusiyalı hərbi ekspert Yuri Lyamin ABŞ prezidenti Donald Trampın Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmaqla bağlı qərarını şərh edərkən bildirib.

"ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxacağı gözlənilirdi, buna həm daxili, həm də xarici səbəblər təsir edirdi. Üstəlik, həm Trampın özü, həm də Respublikaçılar Partiyasındakı nüfuzlu qüvvələr prezident seçkilərindən əvvəl də BHFP-ni sərt şəkildə tənqid edirdi", - Y.Lyamin xatırladıb.

Onun sözlərinə görə, ABŞ-da Prezident Administrasiyasında son bir ildə baş verən kadr dəyişiklikləri hazırda orada İrana qarşı sərt tədbirlərin görülməsinə tərəf çıxanların üstünlük təşkil etməsi ilə nəticələnib: "Bundan başqa, ABŞ hazırda Yaxın Şərqdəki siyasətini oradakı əsas müttəfiqlərinin - İsrail və Səudiyyə Ərəbistanının tam sərəncamına verib. Onlar da İranın əsas regional rəqibləridir və BHFP-nin əleyhinə idilər".

ABŞ-ın nüvə sazişindən çıxmasının mümkün təsiriləri, Yaxın Şərq və İrana yeni sanksiyaların tətbiqinin təsiri barədə danışan Y.Lyamin bildirib ki, İran prezidenti Həsən Ruhani hazırda ABŞ olmasa da, sazişin qalıqlarını saxlamaq üçün çalışır: "Problem ondadır ki, ABŞ-ın İran banklarına, neft sənayesinə və s. qarşı yenidən tətbiq etdiyi sektoral sanksiyalar yenidən xarici şirkətləri, o cümlədən Avropa şirkətlərini İranla işləməkdən çəkindirəcək. Çünki onların ABŞ ilə çox sıx əlaqələri var. Belə olan halda, Avropa İttifaqının İranla ticarət əlaqələrini əvvəlki səviyyədə saxlaması mümkün olmayacaq".

Onun fikrincə, İran BHFP-nin şərtlərinə əməl etməkdən fayda gəlmədiyini görərsə, əvvəlki həcmdə uranın zənginləşdirilməsini bərpa edə bilər və bu, istər-istəməz ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfdən yeni təhdidlərə səbəb olacaq: "Beləliklə, ABŞ-ın nüvə sazişindən çıxması regionda qarşıdurmanın güclənməsinə doğru aparır".
O qeyd edib ki, ABŞ-ın sanksiyaları yenidən bərpa etməsi İranda iqtisadi vəziyyətin pisləşməsinə gətirib çıxaracaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1161 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...