Paşinyanın Qarabağ sensasiyası: Bakıya tam uyğun mövqe
Dağlıq Qarabağa ilk səfəri zamanı Nikol Paşinyanın verdiyi bəyanatların yaratdığı fon Ermənistanın ekspert və ictimai-siyasi mühitində bəzi məsələləri arxa plana keçirib. Ekspert mühiti Paşinyanı 7 rayonun Azərbaycana qaytaracaq lider kimi qəbul edirdi. İctimai-siyasi mühit, eləcə də xalqın böyük əksəriyyəti təhtəlşüurda 7 rayonun Azərbaycana qaytarılmasına çoxdan hazırdır. N.Paşinyanın mitinqlərinin gur olmasının əsas səbəblərindən biri də bu idi.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, İrəvan ermənilərinin böyük bir qismi hətta Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının tərəfdarıdır:
“Paşinyanın ermənilərin qulaqlarının alışdığı fikirləri Dağlıq Qarabağda təkrarlaması ekspert mühitində canlanma yaratdı. Özünü aldatmağı xoşlayan ekspert mühiti Paşinyanın səsləndirdiyi fikirlərdə bəzi tonallıqları görmək istəmədilər. Onun səsləndirdiyi fikirlərdən bəziləri sensasiyadır: Paşinyan Azərbaycanla danışıqları yalnız Ermənistanın adından aparacağını bildirdi. Paşinyanın fikrincə, Dağlıq Qarabağ da danışıqlar prosesinə ayrıca qoşulmalıdır. Əslində, N.Paşinyanın belə mövqeyi Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın rəsmi doktrinasına tam uyğundur: Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin adı “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ” münaqişəsidir. Rəsmi Bakının fikrincə, ermənilərlə azərbaycanlılar arasında münaqişə 2 tərkib hissəsinə malikdir:
1. Ermənistanla Azərbaycan arasında tarixdən qaynaqlanan problemlər. Bura Zəngəzur, İrəvan, Göyçə və digər ərazilərin hissə-hissə Azərbaycana qaytarılması, 1987-ci ildən başlayaraq, Ermənistan SSR-dən qovulmuş azərbaycanlıların Ermənistan Respublikasına qaytarılması və buna müvafiq olaraq Azərbaycan SSR-ni tərk etmiş ermənilərin Azərbaycan Respublikasına qayıtmasına şərait yaratmaq.
2. Dağlıq Qarabağ probleminin həlli. İlkin mərhələdə 7 rayonun Azərbaycanın nəzarətinə qaytarılması. Sonra isə tədricən Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması. Dağlıq Qarabağdakı ermənilər 1923-cü ildə olduğu kimi, yenidən Azərbaycanın tərkibində qalmağı seçə bilərlər”.
M.Əhmədoğlu bildirib ki, N.Paşinyan özünün mərhələli həll variantını təklif edir:
“Əvvəlcə Ermənistan-Azərbaycan münasibətləri normallaşdırılır. Bu mümkündür. İlkin şərt olaraq Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarır və bundan sonra nəqliyyat əlaqələri, investisiya, birgə iqtisadi layihələr və regional layihələrə qoşulmaq məsələlərinin müzakirəsi başlayır. Qısa müddət ərzində müzakirələr bitir və əməli fəaliyyət başlayır.
N.Paşinyanın yaratdığı hərəkat və baş nazir təyin olunması Dağlıq Qarabağ tənzimlənməsində aktivlik yaratdı. Bax, burada Paşinyan Serj Sərkisyanın tam tərsinə hərəkət etdi. Serj Sərkisyanın bütün fəaliyyəti Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli prosesləri tormozlamaq idi. İmitasiya edirdi. Aİ, ABŞ və RF-də müəyyən ümidlər yaratdı. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi F.Moqerininin Paşinyana təbrik müraciətində Dağlıq Qarabağ tənzimlənməsinin Aİ üçün bir nömrəli tapşırıq adlandırması təsadüfi deyil. N.Paşinyan görünür, təkcə aktivlik və ümid deyil, həm də iştah yarada bilib”.
1701 dəfə oxundu