Azərbaycanda neft yataqları olan milyarder Kremldə nələr etdi? – PARTİYA SƏDRİ, ULDUZLAR, TƏRİFLƏR…
Azərbaycanda bəzi neft yataqlarında böyük payı olan rusiyalı biznesmen Mixail Qutseriyev Moskvanın Kreml sarayında özünə ad günü və şeir gecəsi keçirib.
Musavat.com-un Rusiya KİV-lərinə istinadən məlumatına görə, ad günündə onun şeirlərinə bəstələnmiş mahnılar oxunub, 60 ilin yubileyi ilə bağlı təbriklər səsləndirilib.
Kremldəki gecədə Rusiya Kommunist partiyasının sədri Gennadi Züqanov, Hesablama palatasının sədri Aleksey Kudrin, estrada və şou-biznes nümayəndələri Alla Puqaçova, Valeriya, Kirkorov, Kristina Orbakayte, Qaqarina, Tamara Qvarditseli, Stas Mixaylov, İosif Kobzon, Qriqori Leps, Dima Bilan, Nikolay Baskov və başqaları iştirak ediblər.
Puqaçova Qutseriyevin sözlərinə bəstələnmiş “Zəng etmə” mahnısını oxuyub. Kirkorov isə yubilyarın repertuarından mahnı ifa edəndən sonra Qutseriyevdən gələn il keçiriləcək “Eurovision” üçün mahnı bəstələməyi xahiş edib.
Gecə saatlarına qədər davam edən məclisdə Qutseriyev son şeirlərini də oxuyub.
“Forbes”in milyarderlər siyahısında olan Qutseriyevin Azərbaycanda da iri biznesi var. Onun offşor şirkəti "Global İnvestment Energu" (sonradan bu şirkət "Naftis"in tərkibinə daxil edilib) 2008-ci ildə Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət "Mişovdağ" və "Kəlaməddin" yataqlarının operatoru "Karasu Operating Companu"nin 85, "Padar" və "Harami" yataqlarının operatoru "Kura Valley Operating Companu"nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.
Sonradan ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında "Abşeron Operating Companu Limited" ("Zığ" və "Hövsan" yataqlarını işləyir), "Karasu Operating Companu" ("Kəlamətdin" və "Mişovdağ"), "Kura Valey Operating Companu" ("Padar-Hərəmi"), "Neftçala İnvestments Limited" ("Neftçala", "Xıllı", "Durovdağ-Bazanan"), "Binagadi Oil Companu" ("Binəqədi", "Qırmakı", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ" və "Sianşor") şirkətlərini birləşdirən "Qlobal Enerji Azərbaycan Ltd." ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.
1080 dəfə oxundu