Onlayn medianın iqtisadi problemləri - dövlət yardım ayıracaqmı

Onlayn medianın iqtisadi problemləri -

Əflatun Amaşov: “Nə qədər ki, medianın reklam bazarını formalaşdıra bilməmişik, onadək dövlətin yardımına ehtiyac var”
Son vaxtlar gündəmdə olan əsas məsələlərdən biri də onlayn medianın dövlət tərəfindən dəstəklənməsidir. Belə ki, bu mövzu daha öncədən müzakirəyə çıxarılsa da, neftin ucuzlaşması səbəbindən dövlət gəlirlərinin azalması, prosesin reallaşmasına əngəl yaradırdı. Hazırda isə dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulduğundan ən azı 30 dollar yüksəkdir.


Belə olan halda, iyun ayında Milli Məclisdə yeni büdcə müzakirələrinin keçirilməsi istisna edilmir. Bu zaman mediaya ayrılan dövlət yardımının tərkib hissəsi kimi, onlayn mediaya da yardım edilməsi səslənən təkliflər sırasındadır. Xüsusən də ölkə mediasının tanınmış simaları onlayn medianın dəstəklənməsini vacib sayır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov yeni büdcə müzakirələri zamanı bu məsələni gündəmə gətirəcəyini bildirdi: “Yeni büdcə iyun ayından sonra müzakirə olunacaq. Bunun əsas səbəbi dünya bazarında neftin kəskin bahalaşmasıdır. 2018-ci ilin büdcəsində neftin qiyməti 45 dollardan götürülmüşdü, bu gün isə artıq Azərbaycan nefti 75 dollardan da baha satılır. Yeni büdcə müzakirə edilərkən çox güman ki, mediaya dövlət yardımının məbləği də artırılacaq. Məni daha çox narahat edən onlayn mediaya yardım ayrılmasıdır. Çünki hazırda bütün dünyada, o cümlədən Azərbaycanda ictimai fikrin formalaşması, informasiyanın operativ yayılması daha çox onlayn media vasitəsilə həyata keçirilir. Azərbaycanda 300-ə yaxın onlayn media orqanı mövcuddur. İndiki şəraitdə ölkəmizdə medianın iqtisadi vəziyyətində müəyyən problemlər var”.

Ə.Amaşovun sözlərinə görə, reklam bazarı çox zəif olduğundan onlayn mediaya dövlət yardımının ayrılmasına zərurət yaranır: “KİVDF vasitəsilə çap mətbuatına yardım edilir. Lakin onlayn media bundan kənarda qalır. Mən hesab edirəm ki, eyni dərəcədə internet mediaya da dəstək olunmalıdır. Çünki onlayn medianın izləyiciləri daha çoxdur. Nə qədər ki, biz medianın reklam bazarını formalaşdıra bilməmişik, onların iqtisadi problemləri qalmaqdadır, o vaxta qədər dövlətin yardım ayırmasına ehtiyac var. Biz bu yolla həm də informasiya məkanımızın təhlükəsizliyini təmin etməliyik. Onlayn jurnalistika elədir ki, istənilən daxili və ya xarici qüvvə onları maliyyələşdirə bilər. Belə olan halda həmin internet resursu obyektivliyini itirə bilər. Belə halların qarşısını almaq üçün internet jurnalistika da dövlət yardımı almalıdır. Bununla bağlı mən Milli Məclisdə müzakirələr zamanı da fikirlərimi səsləndirəcəyəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
883 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...