“Laçın” ticarət mərkəzinin sahibinin varisi piyadanı öldürüb qaçdı - bir gün sonra tutuldu
Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Bu haqda Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu məlumat yayıb. Məlumata əsasən fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü Sunay Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Və hadisə yerindən qaçıb.
Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzanı törədən S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. O, bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb.
Sosial şəbəkələrdə yaydığı fotolara əsasən 99 VS 999 dövlət nömrə nişanı həm də S.Vəliyevə məxsus son model “Lexus” avtomobilinin üzərindədir. Dəfərlərlə oliqarx övladlarının və digər zəngin balalarının maşın kolleksiyalarında bu cür hallara rast gəlinsə də DYP eyni dövlət nömrə nişanının müxtəlif markalı avtomobillərin üzərində olmasına tutarlı izahat verə bilməyib.
Qeyd edək ki, Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib.
742 dəfə oxundu