Vidadi Zeynalov və ailə üzvləri şikayətlərini geri götürdülər
Korrupsiya cinayətlərində ittiham olunan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digər təqsirləndirilən şəxslərin kasasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Vidadi Zeynalov, onun ailə üzvləri, həmçinin kasasiya şikayətləri vermiş digər təqsirləndirilən şəxslərin kasasiya şikayətlərini geri götürdükləri məlum olub.
Hakim onların kasasiya şikayətlərinin geri götürülməsi barədə ərizələrini təmin edib.
Bu səbəbdən iş baxışdan çıxarılıb.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər.
Məhklumlardan yalnız Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev kasasiya şikayəti verməyib.
Vidadi Zeynalovun qohumları Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər. Onlar əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini tələb ediblər. Qeyd edilib ki, Vidadi Zeynalovun baba evi, yəni 1923-cü ildə alınmış mənzil hələ də həbsdən azad edilməyib.Vidadi Zeynalov özü isə cəza ilə bağlı heç bir şikayət verməyib.
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynov ona verilən cəzadan narazıdır. O, barəsində bəraət hökmünün çıxarılmasını və üzərində həbs olan əmlaklarının özünə qaytarılmasını istəyir.
Digər məhkumlarda günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını kasasiya şikayətlərində xahiş ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun cəzası 4 ilə endirilib.
Vidadi Zeynalovla birlikdə mühakimə olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov 11 il, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov 10 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev 5 il, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmə əsasən, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyevun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. Qərara əsasən, Namazalı Məmmədov, Qəmbər Bəybalayev, Anar Mustafayev və Emin Məmmədov şərti cəza verilib, onlara məhkəmə zalından azadlığa buraxılıb.
778 dəfə oxundu