Beşqat dünya çempionu qayınatasını niyə döyüb? - İdmançının məhkəmədəki tam ifadəsi

Beşqat dünya çempionu qayınatasını niyə döyüb? -

“Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi, prezident mükafatçısı Ehram Məcidov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bildirək ki, bu iş üzrə zərərçəkmiş şəxs Ehtiram Məcidovun qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Ehram Məcidov sərbəst ifadə verib.

Məcidov bildirib ki, qayınatasının onun haqqında dediklərinin hamısı cəfəngiyyatdır: "Mən bunların hamısını sübut eləyəcəm".

Sərbəst ifadəsində Məcidov əvvəlcə öz idman nailiyyətlərindən, Xocalı soyqırımının dünyada tanıdılmasıyla bağlı keçirdikləri tədbirlərdən danışıb. O, Qarabağ uğrunda şəhid olmuş insanların övladlarına, Xocalıdan məcburi köçkün olan şəxslərin övladlarına təmənnasız məşq keçdiyini, onları himayəyə götürdüyünü deyib.

Məcidov daha sonra ailə həyatı qurmağından danışıb, bildirib ki, 2006-cı ildə ev alıb, daha sonra 2008-ci ildə ailə quraraq, həmin evdə yaşayıb:

"Ailəmdə problem, söz-söhbət yox idi. Narazılıqlar ev məsələsinə görə başladı. Bu hadisələrin baş verməsində nə yoldaşım, nə də qayınatam günahkardır. Əsas günahkar qayınanamdır. Bütün söhbətlər, problemlər onun dediklərindən sonra baş verib. Bu kişi heç kimdir, arvadı nə deyibsə, bu da onu eləyib. Problemlər ondan başlayb ki, anası qızına deyib ki, tələb elə, evi sənin adına keçirsin. Mənim üçün bu, problem deyildi. O ev mənim ailəmin, uşaqlarımın evidir, o da uşaqlarımın anasıdır. Sadəcə, o evin sənədi – çıxarışı yox idi. Mən özüm də orada qeydiyyatda deyildim, müvəqqəti olaraq, qayınatamgilin evinə qeydiyyata düşmüşdüm. Yoxsa təbii ki, yoldaşımın adına keçirərdim. Bu məsələdən başlayan söz-söhbətdən sonra daim bizim evimizdə narazılıqlar olmağa başladı. Elə olurdu, qayınanam zəng eləyib, yoldaşıma nəsə deyirdi, bundan sonra yenə söz-söhbət başlayırdı. Sanki bizim evimizdə sakitlik olmasını istəmirdi".

Ehram Məcidov qayınatasını ittihamlarına da cavab verib: "Bu kişi deyir ki, guya mən evə gəlib demişəm ki, pəncərələri bağlayın, polis gələcək, məni güdürlər və s. Cəfəngiyyatdır. Biz 16-cı mərtəbədə qalırıq. 16-cı mərtəbəyə pəncərədən polis girəcək ki, deyim, pəncərələri bağla? Ailədi, söz-söhbət olar. Qayınanam bizim şəxsi məsələlərimizə çox müdaxilə edirdi. Qayınatam deyir ki, guya, uşaqlarımın yanında əlimdə qayçı-bıçaqla həyat yoldaşıma hücum eləmişəm. Yalandır. Belə hadisə olmayıb. Bir dəfə yoldaşımla aramızda söhbət oldu. Yoldaşım girdi hamama, qapını bağladı, anasıyla danışdı. Bir az keçdi, polislər gəldi. Soruşdum ki, nə məsələdir? Tez qayınanam və qayınatam gəldi, soruşdum kimdi şikayətçi? Soruşa bilərsiz ki, orada yoldaşım məndən şikayətçi olub, yoxsa yox.

Məsələn, qayınanam deyirdi ki, uşaqlar gəlsin bizə. Aparıb qoyurdum, sonra uşaqları qaytarmağa qoymurdu ki, qalacaqlar burada. Qayınanam uşaqları tam özündən asılı eləmişdi, oğlum nə anasına yaxın gəlirdi, nə də mənə. Dəfələrlə deyirdim ki, nəvələrinizi istəyirsiz, siz də gəlin bizə. Bu söz-söhbətlər davam elədi".

Dünya çempionu deyib ki, həyat yoldaşı və uşaqları qayınatasının evinə gedəndən sonra məhkəmə bildirişləri almağa başlayıb:

"Mənə məhkəmə bildirişləri gəldi boşanma, mülk bölgüsü ilə bağlı. Mən uşaqlarımı görmək istəyirdim. Uşaqlarımı göstərməklə bağlı mənə ciddi problemlər yaratmağa başladılar. Məhkəmə prosesləri davam etdikcə dəfələrlə barışığa cəhd elədim, istəmirdim ailə dağısın. Hər dəfə mən getdikcə, onlar mənə qarşı kobudluq elədi. Uşaqlara görə zəng eləyirdim, açmırdılar. Ona görə bir dəfə məcbur olub getdim evlərinə, qapını açmadılar. Getdim bağçaya. Orada uşaqları maşına qoyub, götürüb apardılar. Qayınatam yalan deyir, mən onları təqib eləməmişəm. Maşında uşaqların hədiyyələri də var idi. Bunlar düşəndə mən də mədəni şəkildə yaxınlaşdım. Qayınatam qışqırdı, maşınımın şüşəsini, güzgüsünü sındırdı. Orada nəzarət kamerası var, görüntüləri alın, görək mən onun üstünə orada maşın sürmüşəmmi? İcra şöbəsində Bəxtiyar adlı şəxs vardı, ona zəng eləyirdim uşaqları görmək vaxtında. Həftədə iki dəfə idi, sonra bir dəfəyə saldılar. Yenə də bir söz demədim ki, söhbət olmasın. Uşaqlar üçün zəng eləmişəm, deyirlər, biz Qazaxdayıq, sentyabrda gələcəyik. Qayınatamgil bacımgillə qonşudur. Bacımgilə gələndə onu gördüm. Qayınatama dedim ki, bəs Qazaxda idiniz? Belə söhbətləri məni uşaqlardan ayırırdılar".

Qayınatasının vurduğu gün baş verənlərdən də danışan Məcidov bunları qeyd edib:

"Axırıncı dəfə uşaqları icra şöbəsinə gətirdilər. Qayınanam və qayınatam da orada idi. Otaqdan çıxıb, uşaqlarımla söhbət eləməyimə imkan vermirdilər. Uşaqları mənə qarşı öyrədirdilər. Vüqar orada idi, icraçı, o da onlara dedi ki, çıxsınlar. Amma fikir vermədilər. Uşaqları mənə qarşı öyrədirdilər. Oğlum mənə dedi ki, sən yaxşı ata idin, sonra pis ata oldun. Dedim axı niyə? Nə qədər ki, siz mənim yanımda idiniz, mən yaxşı ata idim. Sonra biz bir-birimizdən ayrı düşdük, sən məni pis ata kimi görürsən. Bu yenə uşaqların yanında müdaxilə elədi, məni təhqir eləməyə başladı. Əsəbiləşdim, ona dedim ki, uşaqların yanında mənimlə işin olmasın. Yenə başladı təhqiramiz ifadələr deməyə. Əsəbiləşdim. Bu, mənə əl atdı. Mən əlini tutdum, sifətinə bir neçə zərbə vurdum, qaldı yerdə. Məndə beşbarmaq olmayıb. Mən orada istəsəydim, ona elə zərbə vurardım, heç bir daha qalxa bilməzdi. Fikirləşdim ki, bununla ağlı başına gələr, məndən əl çəkər. Mənim ayağımdan tutub, itələməyə başladı. Orada stullara dəydim, sol ayağım zədələndi, şalvarım cırıldı. Mən arxası üstə qapıya dəydim, qapı açıldı. Vüqargil gördülər, ayağımdan dartırdı. Məni ayırdılar, bir otağa gətirdilər".

Suallara cavab verən Məcidov istintaqın düzgün aparılmamasından narazılıq edib:

"Mən beşbarmağı corabda necə saxlaya bilərəm axı. İstintaq düzgün aparılmayıb. Kifayət qədər ağır maddələrdi. Əvvəla, beşbarmaq olmayıb. Orada xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurmadan söhbət gedə bilməz. Bəllidir ki, bizim aramızda mübahisə olub. Planlaşdırılmış şəkildə gedib onu vurmamışam. Onun hərəkətlərinin nəticəsində bunu vurmuşam. Müstəntiq dedi ki, bu işi ancaq Əli Nağıyevdən xahiş eləmək olar".

Hakim Məcidova sual verərək beşbarmaq ittihamını dəqiqləşdirmək istəyib. Məcidovdan davadan sonra oranı tərk edib-etməməsi soruşulub.

Məcidov belə cavab verib: "Hadisədən sonra oranı tərk etməmişəm. Nəzarətçi polisin yanında bir boş otaq vardı, orada oturtdular. 102-yə zəng elədilər. Polislər gəldilər, getdik bölməyə. Mən bir saniyə belə o binanı tərk eləməmişəm. Beşbarmaq olsaydı, orada olardı. Axıra qədər də yanıçda adam olub".

Məhkəmə iclası fevralın 26-da davam etdiriləcək.

Bildirək ki, Ehram Məcidov qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Əgər məhkəmə istintaqı dövründə E.Məcidovun əməli sübuta yetirilərsə, onu 7 ildən 11 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
695 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...