"Nazir dəyişdi, bəzi adamları işdən çıxardılar"- rüşvət almaqda ittiham edilən məmurun işi

"Nazir dəyişdi, bəzi adamları işdən çıxardılar"-

Rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İlk şahid Türkiyə vətəndaşı Füsun Baştürk olub. Məlum olub li, F.Baştürk şirkətinin Azərbaycandakı vergi işlərinin həll edilməsi üçün Elvin Manafov vasitəsi ilə Ağa Məmmədova 1500 manat pul verib.

F.Baştürk sərbəst ifadəsində deyib ki, bir neçə ildir Azərbaycanda biznes sahəsində fəaliyyət göstərir. O qeyd edib ki, 3 ilə yaxındır Vergilər Nazirliyindən 17 min manat alacağı var. Onun sözlərinə görə, şirkətinin gördüyü işlərə ondan tutulan ikiqat verginin bir hissəsi məhz həmin 17 min manatdır.

"Mən həmin pulu geri ala bilmirdim. O zaman pulun dəyəri 25 min dollar idi. Devalivasiya ilə dəyər itirdi. Amma yenə də pulumu ala bilmirəm. Mən Elçinlə birlikdə işləmişəm. O da vergi işindən anlayışı olan Ağa Məmmədovu tanıdığını dedi. Biz Ağa Məmmədovla görüşüb danışdıq. 1500 manat qarşılığında bu işi görə biləcəyini, sənədləşmə işini aparacağını dedi"- deyə şahid bildirib.

F.Baştürk qeyd edib ki, 8 ay keçməsinə baxmayaraq, iş həll edilməyib və pulunu da ala bilməyib: "Mən daha əvvəl də bir nəfərdən xahiş etmişdim. O da kömək edə bilmədi. Ağa bəy də bir müddət yox oldu. Məcbur qalıb Vergilər Nazirliyinə məktub yazdıq. Sonra Ağa özü bizi tapdı və pulu qaytardı. O zaman da dedim ki, şikayət və tələbim yoxdur".

Suallara cavab verən F.Baştürk bildirib ki, Ağa Məmmədova pulu rüşvət məqsədi ilə verməyib: "Mən vergi işini bilmirdim. Sadəcə, bu işlərimi həll edəcək, rəsmi sənədlərimi hazırlayacaq birini axtarırdım. Ağa Məmmədova da pulu işlərimi görsün deyə pul vermişəm. Yəni, edəcəyi xidmətin qarşılığı kimi".

Hazırda heç bir şikayət və tələbinin olmadığını deyən F.Baştürk qeyd edib ki, Ağa Məmmədova rüşvət almaq ittihamının verilməsi haqsızlıqdır.

Məhkəmə F.Baştürkə xatırladıb ki, Ağa Məmmədov barəsində Vergilər Nazirliyinə müraciəti var və bu səbəbdən də ona qarşı ittiham irəli sürülüb. O da məlum olub ki, vergilər naziri Mikayıl Cabbarova ünvanlanan müraciətdən sonra Ağa Məmmədov barəsində araşdırma aparılıb.

F.Baştürk deyib ki, həmin müraciəti şikayət niyyəti ilə deyil, işinin tezləşdirilməsi və Ağa Məmmədovdan xəbər almaq məqsədi ilə edib.

O da məlum olub ki, F.Baştürk barəsində rüşvət verməyə görə cinayət təqibinə xitam verilib.

Məhkəmədə digər şahid Elvin Manafov ifadə verib. O qeyd edib ki, Ağa Məmmədovu 2 ilə yaxındır tanıyır və F.Baştürkün problemin həlli üçün onunla tanış edib.

Elvin Manafov söyləyib ki, A.Məmmədova pul veriləndən sonra Vergilər Nazirliyində kadr dəyişikliyi olub və buna görə də iş alınmayıb: "Nazir dəyişdi, bəzi adamları işdən çıxardılar. Ağa da demişdi ki, pulu rəisinə verəcək. Bu dəyişiklikdən sonra iş alınmadı. Ağa özü mənə dedi ki, dəyişikliklər olduğu üçün işlərdə problem var".

Elvin Manafov daha sonra öz epizodu üzrə ifadə verib. Məlum olub ki, şirniyyat mağazası işlədən Elvin Manafov vergiyə olan 5700 borc məsələsini həll etmək üçün də Ağa Məmmədova müraciət edib.

Belə ki, Elvin Manafov Ağa Məmmədova 1500 manat ödəniş edərək vergiyə olan 5700 manat borcunu sildirmək istəyib. Lakin hər iki iş alınmayıb.

Məhkəmənin növbəti iclası martın 4-də davam etdiriləcək.

Xatırladaq ki, Vergilər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, daxil olmuş məlumat əsasında Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlunun qanunsuz əməlləri ifşa edilib.

Belə ki, A.Məmmədov əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib. Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə ümumilikdə 2.700 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini bildirib.

A.Məmmədov barəsində Cinayət Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...