Akif Çovdarovun qurbanı olmuş polkovnikin YENİ MƏHKƏMƏSİ
Dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. T.Rəcəbovun vəkili cinayət işi ilə tanış olmadığını bildirib və bunun üçün vaxt istəyib.
Məhkəmə martın 14-də davam edəcək. Qeyd edək ki, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur. O, həmin pul qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirmə vədini verib. Lakin sonradan vədinə əməl etməyib.
İş adamı T.Rəcəbov daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb və hədə-qorxu, təzyiqlərə məruz qalıb. O, MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.
Onu da qeyd edək ki, T.Rəcəbov xüsusi xidmət orqanının ehtiyatda olan polkovnikidir. O, 1998-ci ildən 2002-ci ilə qədər MTN-də çalışıb.
Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq, istintaq dövründə müvəkkilinə qarşı kobud qanun pozuntular olduğunu bildirib. Vəkil cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını istəyib.
Məhkəmə vəsatəti təmin edib. Cinayət işi prokurorluğa qaytarılıb.
638 dəfə oxundu