Məhkəmə şirkətin 1 milyonluq cəriməsini 500 manata endirdi
Sumqayıt Apelyasiya Məhkəməsində “Perspektiv-A” MMC-nin 933 160 manat cərimə edilməsi ilə bağlı qərardan şikayətə baxılıb.
“Report”un xəbərinə görə, şikayət hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə araşdırılıb.
Məlum olub ki, Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi “Perspektiv-A” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokolu baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərib.
Sumqayıt Şəhər Məhkəməsi şirkəti xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 3 110 535 manat təşkil edən malların dəyərinin 30 faizi məbləğində, yəni 933 160 manat məbləğində cərimə olunmasına qərar verib.
“Perspketiv-A” MMC qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş edib.
“Perspektiv-A” MMC-nin nümayəndəsi Abdıyev İlkin İsmayıl oğlu izahatında bildirib ki, Sumqayıt Şəhər Məhkəməsində işə baxılarkən iştirakları təmin edilməyib və malların anbarda əlverişsiz şərait olduğuna görə başqa bir anbara köçürüldüyü nəzərə alınmayıb.
İşin hallarını araşdıran məhkəmə “Perspektiv-A” MMC-nin əməlini İXM-nin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) maddəsinə tövsif edərək, 500 manat cərimə edilməsi barədə qərar çıxarıb.
632 dəfə oxundu