Oğuzda OKA-nın sərxoş sürücüsü iki postu keçdi, polis təqibə başladı - FOTO
Oğuzda karantin qaydalarını pozan sərxoş sürücü saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, karantin rejimi ilə əlaqədar rayonların giriş-çıxışlarında yaradılan postlarda Qəbələdən Oğuz rayonu istiqamətində hərəkət edən OKA markalı avtomobilin sürücüsünə hər iki postda “Saxla” əmri verilib.
Ancaq sürücü bu əmrlərə tabe olmayaraq hərəkətə davam etdiyindən Oğuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən avtomobil təqib edilib.
Bir müddətdən sonra polis əməkdaşları onu saxlamağa nail olublar. Sürücünün Bərdə rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib. Planşetlə yoxlanılan zaman İ.Abdullayevin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi və həkim müayinəsindən keçirildikdən sonra onun sərxoş olduğu da məlum olub.
Oğuz Rayon Polis Şöbəsində İ.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə potokol tərtib olunub və o, cərimə edilib.
737 dəfə oxundu