"Abşeron"da xəstələri alkoqollu içki ilə müalicə edirlər - Sanki səhiyyə ocağı deyil, kafedir...
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron mədə-bağırsaq xəstəlikləri sanatoriyası Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində fəaliyyət göstərir.
Lakin vaxtilə keçmiş SSRİ miqyasında “Yessentuki”dən sonra əhəmiyyətinə görə ikinci olan sanatoriya indi AHİK-in hüquqlarını qoruduğu zəhmətkeşlər üçün müalicə yerindən çox imkanlı adamlar üçün əyləncə məkanına çevrilib. Sanatoriyanın baş həkimi Fəxrəddin Kazımovun yürütdüyü xidmət siyasəti belə vəziyyət yaradıb. İşlə bağlı jurnalistlərin hər hansı bir sualını cavablandırarkən özünün də, həyat yoldaşının da xəstə olduğunu deyən 75 yaşlı baş həkim, hələ ki, tutduğu vəzifəni gənc, perspektivli və kreativ kadrlara güzəştə getmək niyyətində deyil.
Bu günlərdə sözügedən sanatoriyada müalicə alan şəxslərdən biri redaksiyamıza müraciət edərək, pasientlərə münasibətdə ayrı-seçkilik edilməsindən, müəssisədə rast gəldiyi başqa neqativ hallardan gileylənmişdir. Pasientin sözlərinə görə, baş həkim VİP otaqları baha qiymətə kirayəyə verir, ən yaxşı xidməti də “VİP” müştərilər görürlər. Digər otaqlarda su vaxtlı-vaxtında gəlmir, təmizlik işləri lazımi səviyyədə görülmür. Keyfiyyətli qidalanma üçün də ciblərini geniş açmalısan. Sanatoriyada spirtli içkilər də təklif olunur ki, bu hal da baş verənləri müşahidə edən, gerçəkdən mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən, müalicəyə gələn pasientlərdə qıcıq doğurur. Bundan başqa, sanatoriyanın həyətində əvvəllər mövcud olmuş ağacların xeylisinin qırıldığını, skamyaların çoxu götürülüb. Kasıb pasientlər ya qaxılıb korpusdakı otaqlarda oturmalı, ya da həyətdəki pullu guşələrdə əylənməlidirlər.
Bütün bu və digər neqativ hallara niyə rəvac verildiyini öyrənmək üçün sanatoriyanın baş həkimi ilə görüşmək, suallarımızı cavablandırmasını istədik. Fəxrəddin Kazımovla yalnız üçüncü cəhdimizdə görüşə bildik. Birinci dəfə yerində tapmadıq. İkinci dəfə danışıb görüş üçün vaxt vədələşsək də, yenə də təyuin etdiyi gün işə çıxmadı. Nəhayət, üçüncü cəhddə görüşəndə də yenə həmişəki qaydada səhhətindən şikayətləndi. Sonra özünün fəaliyyətini tərifləməyə başladı. Bildirdi ki, o, vəzifəyə təzə təyuin olunanda sanatoriyada polisrəisinin, bölmə rəisinin, qəsəbə icra nümayəndəsinin qeyri-rəsmi bron etdikləri otaqlar var imiş, sanatoriya əxlaqsızlıq yuvasına çevrilibmiş. O gələndən sonra belə hallara son qoyulub. “Abşeron”dan fərqli olaraq, Ələkbər Nəzərovun rəhbərlik etdiyi qonşu “Günəşli” sanatoriyasında isə elə hallar qalmaqdadır. Skamyaların sayının məhdudlaşdırılmasına gəlincə, bunu yaxın ərazidə yaşayan narkomanların həmin skamyalardan istifadə edə bilməmələrinə görə özü götürdüb.
Baş həkim spirtli içki məsələsinə də toxundu: “Ay balam, istirahətə gələn yeyib-içməlidir də, bunun nəyi pisdi ki!?”
F.Kazımov sanatoriyada ümumən yürüdülən xidmət və qiymət siyasətinin isə “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasiyevin imperativ göstərişləri ilə qurulduğunu dedi.
Deryaz.az
504 dəfə oxundu