Rasim Balayevin doğum günüdür
Xalq artisti Rasim Balayevin doğum günüdür. Bu gün onun 71 yaşı tamam olur.
Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib.
Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da məharətlə oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb.. "Özbəkfilm"də, "Mosfilm"də, və başqa studiyalarda filmlərə çəkilib.
Mənfi obrazları belə çox məharətlə oynamış, onların birinə görə (Səlim bəy "Qanlı zəmi") Azərbaycan SSRİ Dövlət mükafatı almışdı.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.
Rasim Balayev 1982-ci ildən Azərbaycanın xalq artisti, 1998-ci ildən "Şöhrət" ordeni laureatı, 2018-ci ildən "Şərəf" ordeni laureatı və Prezident təqaüdçüsüdür.
669 dəfə oxundu