Gündəliklərdəki rüsvayçı səhvi "Şərq-Qərb" nəşriyyatı buraxıb
Xəbər verdiyimiz kimi, orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş gündəliklərdə iki dövlət bayramı tarixi səhv qeyd olunub. Təhsil Nazirliyi də bu “ÇP”-yə münasibət bildirib. Nazirlikdən deyiblər ki, buna görə onlar cavabdehlik daşımır. Bəs onda rüsvayçılığa bərabər bu xətaya cavabdeh kimdir?
Məktəbli kitabçası, yəni gündəliyin üzərində qeyd olunub ki, o, “Şərq-Qərb” nəşriyyatında çap olunub. Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Hacızadə də virtualaz.org saytına açıqlamasında bildirib ki, gündəlikdə qeyd olunan detallar nəşriyyatın öhdəsindədir, nazirlik ona nəzarət etmir. Məsələyə aydınlıq gətirmək üçün “Şərq-Qərb” nəşriyyatı ilə bir neçə dəfə əlaqə saxlasaq da oradan bildirdilər ki, hazırda rəhbərlikdən bununla bağlı danışacaq heç kim yoxdur.
Təhsil eksperti Əjdər Ağayev isə bu fikirdədir ki, buna görə məsuliyyəti nəşriyyat daşıyır: “Bu gün şərait elədir ki, kim hansı rəngdə, hansı formada istəsə gündəlik çap edə bilir. Nəşriyyat gözüyumulu davranmamalıdır. Bəs onun redaktoru, direktoru, korrektoru hara baxır? Heç biri işləmir, amma nəşr üçün pul alırlar”. Qeyd edək ki, həmin gündəlikdə 9 noyabr - Dövlət Bayrağı günü ilə 18 oktyabr - Dövlət Müstəqilliyi gününün yerləri səhv göstərilib. Dövlət Müstəqilliyi günü kimi 9 noyabr, Dövlət Bayrağı günü kimi isə 18 oktyabr qeyd olunub.
* * *13:37
Orta məktəb gündəliklərində 9 Noyabr - Dövlət Bayrağı günü ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi gününün yerləri səhv göstərilib. Dövlət Müstəqilliyi günü kimi 9 noyabr, Dövlət Bayrağı günü kimi isə 18 oktyabr qeyd olunub. Təhsil Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik orta məktəb gündəliklərində 9 noyabr - Dövlət Bayrağı günü ilə 18 oktyabr - Dövlət Müstəqilliyi gününün yerlərinin səhv düşməsi ilə bağlı cavabdehlik daşımır. Nazirlikdən onu da qeyd ediblər ki, bununla əlaqədar olaraq müvafiq araşdırma aparılacaq.
1118 dəfə oxundu