Manata təzyiq artsa da, bu il məzənnə sabit qalacaq -
Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyada ABŞ dollarının məzənnəsinin son bir həftə ərzində 6% yüksələrək 60 RUB/USD kritik həddini ötməsi manat üzərində müvəqqəti təzyiqlər yaradır. "Report"un analitik qrupu bildirir ki, Rusiyada rublun ucuzlaşması manatın real effektiv məzənnəsini artıraraq ölkəyə idxalı gücləndirə bilər. Xatırladaq ki, manatın real effektiv məzənnəsi may ayının 1-nə 95,6 bənd təşkil edib. Analitiklər manatın real effektiv məzənnəsinin 85-90 bənd diapazonunda olmasını qənaətbəxş hesab edirlər.
Bununla yanaşı, "Report"un təhlilləri göstərir ki, Rusiyada dolların məzənnəsi kəskin dəyişməyəcək və ilin sonuna qədər 57-63 RUB/USD diapazonunda dalğalanacaq. Bu da manatın məzənnəsinə ciddi təsir etməyəcək. Belə ki, son zamanlar Rusiya hökuməti dolların məzənnəsinin ölkədə həddindən artıq düşməsindən narahatlığını bildirərək, yay aylarında bahalaşmanın siqnallarını verib.
"Report"un analitik qrupu neft qiymətlərində azalmanın 42-44 dollar/barelə qədər davam edəcəyini, daha sonra isə 50 dollar/barel səviyyəsinə kimi yüksələcəyini proqnozlaşdırır. Bu da Rusiya və Azərbaycanda dolların məzənnəsinin sabit qalacağını ehtimal etməyə əsas verir. Həmçinin, dolların qlobal valyuta bazarında məzənnəsinin bir qədər möhkəmləndikdən sonra yenidən düşəcəyi gözlənilir. Dolların məzənnəsində artım və neft qiymətlərində azalmanın 2018-ci ilin II yarısından etibarən başlayacağı və bunun dünya valyutalarına mənfi təsir edəcəyi proqnozlaşdırılır.
873 dəfə oxundu