İsmayıllıda iki nəfərin öldüyü istirahət mərkəzinin otel müdiri həbs edilib
İsmayıllı rayonunda fəaliyyət göstərən “Green House” istirahət mərkəzində baş vermiş bədbəxt hadisə ilə bağlı otel müdiri saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, iyulun 7-də İsmayıllı rayonunda fəaliyyət göstərən “Green House” istirahət mərkəzində Emil Adıgözəlov və Gülhüseyn Quliyevin ölümü, Zaur Əliyev və Eltəkin Ömərovun isə xəsarət almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik ekspertizaları təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
İstintaq zamanı istirahət mərkəzində otel müdiri vəzifəsində işləyən Elxan Həsənovun işə vicdansız münasibəti ilə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək “Elektrik enerjisindən istifadə qaydaları”nın, “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları”nın və “Elektrik qurğularının quraşdırma qaydaları”nın tələblərini kobud surətdə pozması nəticəsində elektrik açarının izolyasiyasız hisəssindən hovuzda suyun içərisində yerləşən filtr qurğusunun metal qutusu vasitəilə suya keçən elektrik cərəyanının təsirindən iki şəxsin ölümünə və iki şəxsin sağlamlığına xəsarətlər yetirilməsinə səbəb olmaqla səhlənkarlıq etməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
Elxan Həsənovun əməli Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsinə tövsif edilərək ona qeyd edilən maddə ilə ittiham irəli sürülüb, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
833 dəfə oxundu