Baş nazirinin müavini Əli Həsənov Tərtərdə - FOTOLAR
Avqustun 23-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub.
Baş nazirin müavini Tərtər, Ağdam, Laçın və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin başçıları və yaşayış məhəlləsinin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş Əlavələrin 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsinin tikintisində son tamamlama işlər görülür.
Layihəyə əsasən yaşayış məhəlləsində hər biri dördmərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlı olacaq. Məhəllədə inşaat işlərinin bu ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.
Baş nazirin müavini Əli Həsənov inşaat işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Əli Həsənov inşaat işlərinin vaxtında başa çatdırılması məqsədilə konkret tapşırıqlar verib, işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib. Qeyd edib ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək səviyyədə təhvil verilməlidir.
Tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar.
Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Tərtər rayonunda 50 hektar ərazidə inşa edilən yaşayış məhəlləsi son 10 ildə Prezident İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlər üçün tikilən qəsəbələrin ən böyüyüdür. Yaşayış məhəlləsində orta məktəb binası yeni layihə əsasında inşa edilir. Uşaq bağçası, musiqi məktəbi, klub icma mərkəzi, inzibati bina, tibb məntəqəsi yüksək səviyyədə tikilib. Yaşayış məhəlləsinin təhvil verilməsi, burada yaradılan infrastruktur Tərtər rayonu üçün çox gözəl bir obyekt olacaq. Yaşayış məhəlləsinə ərazidə məskunlaşan məcburi köçkünlər köçürüləcək.
Baş nazirin müavini qeyd edib ki, Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində olan və böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinin ətrafı dövlətimizin başçısının tapşırığına əsasən abadlaşdırılır. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb.
Baş nazirin müavini erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidənin mühüm siyasi əhəmiyyətə malik olduğunu və ölkəmizə səfər edən insanlara göstəriləcəyini deyib.
Əli Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında Bakı və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlərin köçürülmə prosesinə başlanılıb. Masazır qəsəbəsində qəzalı vəziyyətdə olan energetika pansionatı bu yaxınlarda Mehriban xanım Əliyevanın iştirakı ilə tam köçürüldü. Artıq yeni köçürülmə üçün dörd bina da hazırdır. İki qəzalı bina da bu yaxınlarda köçürüləcək. Bu proses davam edir. Qaradağ rayonu ərazisində 1100 mənzildən ibarət bir qəsəbənin tikintisi başlanılıb. Bir il ərzində bu qəsəbə də hazır olacaq. Sakinləri oraya köçürüləcək qəzalı binalar da siyahılaşdırılıb.
Baş nazirin müavini deyib: “Bu gün Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu günüdür. Artıq Cəbrayıl rayonunun bərpası başlanılıb. Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin tapşırığı əsasında 50 ev tikilib. Cocuq Mərcanlı sakinləri həmin evlərə köçürülüb. Kənddə Şuşa məscidinin bənzəri inşa olunub. Bu gün kənddə əzan səsi eşidilir. Dövlətimizin başçısının tapşırığı əsasında əlavə 100 mənzilin tikintisi də sürətlə davam etdirilir. Cocuq Mərcanlı “Böyük qayıdış”ın başlanğıcıdır. Bu proses davam edəcək”.
x x x
Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunun Şıxarx qəsəbəsinə gedərək “Marağa-150” abidəsi ətrafında aparılan tikinti-abadlıq işləri ilə tanış olub. Artıq abidənin ətrafı təmir edilib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi ilə təmin olunub. Abidənin ətrafında quraşdırılmış stendlərdə ermənilərin buraya köçürülmələrini sübut edən müxtəlif dillərdə yazılmış arxiv sənədləri və fotoşəkillər öz əksini tapacaq.
Baş nazirin müavini Şıxarx qəsəbəsində məskunlaşan məcburi köçkün ailələri ilə də görüşüb, onların həyat şəraiti ilə tanış olub, müraciətlərini dinləyib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2016-cı il 3 may tarixli sərəncamı ilə Ağdam və Tərtər rayonlarında təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrində 2016-cı ilin aprel ayında erməni silahlı qüvvələrinin atəşi nəticəsində ziyan çəkmiş məcburi köçkünlərin məskunlaşdığı 228 yaşayış evinin bərpası və onların şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq vəsait ayrılıb. Ayrılmış vəsait müqabilində Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə isə 15 ailə olmaqla 120 ailəyə maddi yardım ödənilib. 182 evdə təmir-bərpa işləri 2016-cı ilin avqust ayında başa çatdırılıb ki, həmin evlərdən 20-si Tərtər rayonunda, 162-si isə Ağdam rayonu ərazisində yerləşir.
Ermənistan silahlı birləşmələrinin atəşi nəticəsində Tərtər rayonunun Şıxarx, Çaylı, Həsənqaya, Buruc və Əskipara kəndləri ərazisində məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdığı 78 dağılmış evin yenidən tikilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016–cı il 7 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılıb. Ərazidə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bərpa işləri aparılıb. Ayrılmış vəsait müqabilində 78 evin tikintisi bu ilin may ayında başa çatdırılaraq məcburi köçkün ailələrinin istifadəsinə verilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
990 dəfə oxundu