Azərbaycanlı alimlər zəlzələnin olacağını 15 saat əvvəldən bilirlər
Ən dəhşətli təbii fəlakətlərdən biri sayılan zəlzələni öncədən proqnozlaşdırmaq mümkündur. Bu işdə Azərbaycan alimlərinin xüsusi uğurları var. Belə ki, dünyada ilk dəfə olaraq Azərbaycanda zəlzələdən seysmoakustik stansiyaların köməyilə xəbər tutmaq olur. Seysmoakustik stansiyalar Milli Elmlər Akademiyasının 3 müəssisəsi - Geologiya İnstitutu, İdarəetmə Sistemələri İnstitutu və Seysmoloji Xidmət Mərkəzi tərəfindən yaradılıb. Stansiya işlənməyən neft quyularında işə salınır.
AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru Telman Əliyev deyir ki, hazırda işləməyən neft quyularında seysmo-akustik stansiyalar düzəldilib. “Seysmik stansiyalar seysmik dalğaları qəbul edir, seysmo-akustik stansiyalar isə yerin dərin təbəqələrində olan akustik dalğaları. Akustik dalğalar stansiyaya seysmik dalğalardan xeyli əvvəl gəlib çatır. Bu stansiayalar imkan verir ki, zəlzələnin olacağını əvvəlcədən bilək. Bu, Azərbaycanın ən müasir və ən qiymətli işlərindən biridir”.
Hazırda Azərbaycanda 6 yerdə belə stansiya işləyir. Bu cür məntəqələr Qum adasında, Siyəzəndə, Şirvanda, Neftçalada, Lahıcda, Qazaxda və Naftalanda quraşdırılıb. Azərbaycan alimlərinin işi Rusiyanın iri elmi müəssisəsinin diqqətini cəlb edib. Sankt-Peterburqda Arktik Akademiyanın əməkdaşları stansiyanın işi ilə şəxsən tanış olduqdan sonra bu layihəni zəlzələlər diyarı sayılan Yakutiyada da tətbiq etməyə başlayıblar.
“Yakutiya çox böyük zəlzələlər olan yerdir. Orada da neft qaz kəməri keçir. Onlar biləndə ki, zəlzələ olacaq, təhlükəsizlik tədbiri görürlər. Biz çox zəlzələləri təxminən 10-15 saat, bəzən 20 saat əvvəlcədən bilirik ki, olacaq. Amma yerini hələlik deyə bilmirik. Yerini demək üçün çoxlu statistika yığılmalıdır ki, onlardan istifadə edərək bilmək olur”.
Seysmoakustik stansiya zəlzələlərin vaxtında müəyyən edilməsi üzrə ən innovativ metodlardan biridir. Seysmoakustik stansiyalar Azərbaycanda 2010-cu ildən bazası yaradılsa da, 2015-ci ildən tam gücü ilə fəaliyyətdədir. Həmin stansiyalarda müşahidə olunan durum institutda yerləşən bu monitora daxil olur.
İnstitutun aparıcı elmi işçisi Fərhad Paşayev deyir ki, zəlzələ olacağı haqqında nəticədə bu monitorlardakı göstəricilərə görə müəyyənləşdirilir: “Toplanmış təcrübə göstərir ki, əgər bir neçə stansiyada, heç olmasa 4 stansiyada kənaraçıxmalar olsa, Azərbaycan ərazisində və yaxın ətrafda zəlzələ olacağını gözləmək olar. Az qala 100 faiz ehtimalnan baş verir bu proqnoz. İndi biz burda görürük ki, 6 stansiyadan informasiya gəlir. Bircə Neftçalada həyəcanlanma var. O biri stansiyalarda ciddi bir şey olmadığına görə, Neftçaladakı canlanma lokal xarakterlidir. Bu o deməkdir ki, yaxın 12-18 saat ərzində Azərbaycanda zəlzələ olmayacaq”.
Yaxın vaxtlarda Şəkidə də belə stansiya işə salınacaq. Artıq bununla bağlı zəruri texniki işlər görülüb. Yaxın günlərdə proqram təminatnın yüklənməsi və bəzi sınaqların aparılması gözlənilir. Qeyd eədk ki, seysmoakustik stansiyaların modeli bu günlərdə nüfuzlu elmi müsabiqədə də qalib çıxıb. Belə ki, AMEA İdarəetmə Sistemləri İnstitutunun bununla bağlı elmi işi Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən "2017-ci ildə Arktikanın və qitə şelfinin mənimsədilməsinə və inkişafına yönəlmiş beynəlxalq elmi, elmi-texniki və innovativ inkişaf müsabiqəsi"nin nəticəsinə görə laureat olub. Müsabiqəsinə 68 təşkilatdan 102 elmi iş təqdim edilib. Qaliblərin mükafatlandırılması mərasimi sentyabrın 12-də baş tutub. (cbc.az)
836 dəfə oxundu