Bakı polisindən Nəqliyyat Agentliyinin ittihamlarına - CAVAB
Bakı Nəqliyyat Agentliyi açıqlama yayaraq dünənki “Qarabağ” – “Roma” oyunundan sonra stadiondan çıxan azarkeşlərin daşınmasında problem yaranması və izdihama görə polisi günahlandırıb. Qurumun sözçüsü Mais Ağayev bildirib ki, polis yanlış olaraq insanları metroya istiqamətləndirib və azarkeşlər onlar üçün ayrılan avtobuslardan istifadə edə bilməyib.
Oyunla bağlı yaradılan polis qərargahının rəhbəri, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis əməkdaşları insanları avtobuslar dayanan əraziyə yönləndirsə də, azarkeşlər özləri ora getmək istəməyib: “Orada avtobuslar var idi, biz də camaatı ora getməyə yönəldirdik. Amma getmirdilər. Bu o demək deyil ki, polis insanları avtobusa minməyə qoymayıb. Onlar bizi necə ittiham edə bilərlər? Bakı Nəqliyyat Agentliyi belə deməklə böyük səhvə yol verir. Camaat avtobusa getmək istəmir, mən nə edə bilərdim? Yağış yağdığı üçün insanlar qısa yol axtarırdı, avtobuslara kimi olan məsafə də uzaq idi. Avtobuslar oyun başlamadan öncə metrostansiyalardan inanları daşıyanda gecikiblər, camaat da buna görə qayıdanda avtobuslara minmədi.
Avropa Oyunlarında, İslam Oyunlarında 30-40 min adam üçün yüksək səviyyədə təşkilatçılıq işləri görülmüşdü. Orada təşkilatçıların xeyli sayda könüllüləri var idi, istiqamətləndirici işarələr qurulmuşdu. Oyunlardan öncə dəfələrlə yoxlanılmışdı. Dünənki təşkilatçılıq isə o oyunlar zamanı görülən işlərlə müqayisə olunası deyildi. Amma əksinə dünən 70 min adam var idi, onları yola salmaq asan deyil”.
S. Bağırov bildirib ki, dünən azarkeşlərin idaarə olunmasında təşkilatçılıq tək polisin üzərində idi: “Ola bilər kimsə əziyyət çəkdi, amma polis hamıdan çox əziyyət çəkdi. Polis qarşısına qoyulan tapşırığı tam yerinə yetirdi. Saat 11-də hamı dağılışıb getdi, yol polisi isə yol hərəkətinin təşkilini tənzimləmək üçün gecə saat 01-02 radələrinə kimi xidmət apardı”.
844 dəfə oxundu