Deputat: Nəyə görə kredit faizləri bu qədər yüksəkdir?
"Bu gün Azərbaycanda insanların banklara borcu 2 milyard manatdır. Bu, həddən artıq böyük və narahatedici rəqəmdir. Ötən il bu rəqəm 1,6 milyard manat olub". GUNDEMİNFO.AZ-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov bildirib.
O qeyd edib ki, əhalinin kredit borcunun yüksək olması maliyyə bazarına neqativ təsir edən amillərdən biridir: "Bu gün banklar 28-30 faizlə kreditlər verir. Problemli kreditlərin həcmi azalmaqdansa, daha da artır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra düşünürdük ki, banklarla ciddi məşğul olacaq. Amma təəssüf ki, bunu görmədik. Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatın sabitliyini qoruyur. Bu, müsbət haldır. Amma mən bank sistemində sağlamlaşdırmanı görmürəm. Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub.
Mən bunu dəfələrlə demişəm və bir daha təklif edirəm ki, yığışaq və banklarla söhbət edək. Soruşaq ki, nəyə görə kredit faizləri bu qədər yüksəkdir? Banklarda vaxtı keçmiş kreditlərin həcmi getdikcə artır və bu borcları silmək çətinləşir. Bunu da soruşaq ki, problemli kreditlərin öhdəsindən necə gələcəklər? Anlamalıyıq ki, bu, Azərbaycan iqtisadiyyatına neqativ təsir edən amillərdəndir. Təklif edirəm ki, bank rəhbərlərini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına çağıraq. Onlar da bizə məlumat versinlər ki, bu proses hara gedir, sonu necə olacaq".
894 dəfə oxundu