"Güləş Federasiyası pulumu vermir, prezidentə müraciət edəcəm" - Dünya və Avropa çempionundan ittiham
Qadın güləşi üzrə milli komandamızın üzvü, Avropa və dünya çempionu, Unversiadanın qalibi belarus əsilli Yuliya Ratkeviç karyerasını başa vurmağı planlaşdırır. O, bu barədə Unikal.org-a müsahibəsində danışıb. İdmançı bildirib ki, Federasiya onun lazımi sənədlərini imzalamır, əmək haqqını isə uzun müddətdir ki, ödəmir.
- Yarışlara qatılmırsız. Karyeranızı başa vurmusuz?
- İdmanla vidalaşmaq barədə düşünürəm. Amma peşəkar idmançı kimi yüz faiz bitirməyi planlayıram. Çünki psixoloji olaraq məni çox pis sındırdılar. İndi bunu demək çətindir. İstərdim ki, federasiya Azərbaycanda idmanın inkişafı üçün mənim səviyyəmdə idmançılar əldə etsin.
- Bundan sonra nə işlə məşğul olmağı düşünürsünüz?
- Hazırda Minskdə məşqçi-müəllim kimi işləyirəm.
- Psixologiyanızın pozulmasına səbəb nədir?
- Olimpiadalardakı məğlubiyyətlərim. Görüşdə qalib gələrkən 7 saniyə ərzində uduzursansa, bu, əsəbləri korlayır. Başa düşürsən ki, cəmi 7 saniyə ərzində rəqibdən geri qalmısan və qalib gələ bilməmisən, o zaman ağrıdan qışqırmaq istəyirsən.
- Qazaxıstan idman camiəsinin üzvləriylə fotolarınız yayılıb. Onlarla birgə ortaq işiniz var?
- Bəli, var. Qazax Kureşi üzrə Dünya çempionatı keçiriləcək. Oktyabrın 5-8-də Minskdə baş tutacaq.Mən isə hazırda müxtəlif təklifləri nəzərdən keçirirəm.
- İndi Azərbaycanda deyilsiniz?
- Xeyr. Dekabr ayında gəlməyi planlaşdırıram. London Olimpiya Oyunlarından sonra "Əməkdar İdman Ustası” mükafatına layiq görülmüşəm. Onu almaq üçün Bakıya gələcəm. Mənə "Əməkdar İdman Ustası” verilməli idi, amma Federasiya sənədləri təqdim etməyib. Sənədləri verməyə hazır idim. Lakin federasiya onları imzalamaq istəmirdi. Mən prezidentlə və ya köməkçiləriylə görüşməyi ümid edirəm.
- Niyə imzalamaq istəmirlər?
- Rəhbərliyin niyə imzamaq istəməmələrinin səbəbini mən də bilmirəm. Əməkdar İdman Ustası Prezident tərəfindən təqdim edilir. Lakin belə bir məqam var ki, federasiya bu barədə məlumat verməyə bilər.
- Azərbaycanda qalacaqsız, ya ailənizlə birlikdə ölkənizə qayıdacaqsız?
- Mənə tez-tez yazırdılar, soruşurdular ki, nə ilə məşğul oluram və niyə mübarizə aparmıram. Düşünürəm ki, onsuz da Azərbaycan bayrağı altında çox çıxış etmişəm. "İnstagram” hesabımdakı video məni dəstəkləyən və mənə görə narahat olan insanlara son müraciətim idi.
Mən onları çox gözlətmədim. 3-cü yer uğrunda mübarizə apardıqdan dərhal sonra qısa müsahibə verdim. Məmnuniyyətlə Bakıda qalardım. Ancaq Olimpiadadan bu yana maaşlar verilməyib. Yalnız mənə yox, çox idmançıya pul ödənilməyib.
- Azərbaycan Güləş Federasiyası tərəfindən sizi sıxışdırıblar?
- Çox şeyi deyə bilmərəm. Ancaq qadın güləşinin inkişafına can yandıran Nazim Əlicanova minnətdarlığımı bildirirəm. O bizimlə çoxlu toplanışlarda olub. Vəziyyətimizi, yarışlara necə hazırlaşdığımızı, zədələrimizi görüb. Federasiyadan onu Olimpiadaya göndərəcəklərinə söz vermişdilər. Eşidəndə ki, Olimpiadaya bir neçə gün qalmış onun yerinə başqa adamı Rioya aparırlar çox məyus oldum. Bu düzgün hərəkət deyildi. Ən azı əvvəldən xəbərdar edə bilərdilər.
- AGF-dən maaşınızı tələb edibsiz?
- Bəli, dəfələrlə...
- Qazaxıstan adına yarışlarda mübarizə aparmağı planlaşdırırsız?
- Bu dəfə Minskdə hakim olacam. Lakin gələn il çıxış etməyi düşünürəm. Bunu da zaman göstərəcək.
- Azərbaycan vətəndaşlığından da imtina etmisiz?
- Yox.. Çünki Azərbaycan adına da çıxış edə bilərəm.
891 dəfə oxundu