Parlament sədri özünü müvəqqəti prezident təyin etdi
Oktyabrın 20-də Moldovanın Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin prezidentin öz vəzifələrini yerinə yetirməkdən imtina etdiyi halda dövlət başçısı səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icra edilməsinin mümkünlüyü ilə bağlı sorğusuna baxıb.
Məhkəmə prezident İqor Dodonun "müvəqqəti olaraq səlahiyyətlərini icra etmək qabiliyyətində olmadığını" və onun səlahiyyətlərinin parlament sədri və ya baş nazir tərəfindən icra edilə biləcyini açıqlayıb.
Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl prezident İqor Dodon parlamentin buraxılmasına, növbədənkənar seçkilərin və öz siyasətinə kütləvi dəstək aksiyalarının keçirilməsinə çağırmışdı: "Moldovanın növbədənkənar parlament seçkilərinin keçirilməsindən və prezident idarəçiliyi formasına keçiddən başqa yolu yoxdur".
Onu da qeyd edək ki, Moldova parlamentli respublikadır. Deputatlar və prezident İ.Dodon arasında daim fikir ayrılığı qeydə alınır.
Bu gün isə məlum olub ki, Moldova parlamentinin sədri Andrian Kandu İqor Dodonun əvəzinə prezident funksiyalarını yerinə yetirəcək.
Moldova parlamentinin mətbuat xidməti xəbər verir ki, A.Kandu Prezident Administrasiyasından parlamentə bütün zəruri sənədlərin daxil olacağı təqdirdə oktyabrın 24-də Eujen Sturzanın müdafiə naziri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalamaq niyyətindədir.
956 dəfə oxundu