Ötən il Azərbaycan əhalisi ərzağa 14 milyard xərcləyib
2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 28,0 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin 14,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,8 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,5 faiz və 2,8 faiz üstələyib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,2 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,0 faiz, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalar üzrə 1,4 faiz artıb.
981 dəfə oxundu