Mahir Aslanovun mandatına Qərib Məmmədovun gözü düşüb

Mahir Aslanovun mandatına Qərib Məmmədovun gözü düşüb


Qərib Məmmədovun deputatlıq sevdasına düşməsi Naftalanın hazırkı millət vəkilinin şanslarını xeyli azaldıb. Mahir Aslanovun qardaşı oğlu, Naftalanın icra başçısı Natiq Aslanov və Neft Şirkətinin vitse-prezidenti Bədəl Bədəlov bu məsələdə ona yardımçı ola biləcəklərmi?

Naftalan əhalisinin sayına və ərazisinə görə ölkənin balaca şəhərlərindən sayılsa da, burda çox böyük problemlər hökm sürməkdədir. Belə ki, icra başçısı Natiq Aslanov, eləcə də yerli idarə və müəssisələrin rəhbər işçilərinin törətdikləri qeyri-qanuni əməllər Naftalanda əhalinin güzəranının ağırlaşmasına səbəb olub. Sirr deyil ki, ölkənin kurort şəhərlərindən hesab edilən Naftalan icra başçısı Natiq Aslanovla, onun əmisi oğlu, deputat Mahir Aslanovun nəzarəti altındadır.

Şəhərdəki bir sıra turizm və ticarət obyektlərinin qohum məmurlara məxsus olması barədə ayrı-ayrı mətbuat səhifələrində dəfələrlə məlumat gedib. Amma nə icra hakimi, nə də millət vəkili barələrində yazılan tənqidlərə reaksiya veriblər. Onlar heç kimə və heç nəyə fikir verməyərək öz işləri ilə məşğul olurlar. Və bununla da maliyyə imkanlarını yaxşılaşdırmaq yönündə böyük addımlar atırlar. Son günlər Naftalanda canlanma müşahidə edilməkdədir. Bu barədə redaksiyamıza şəhərdəki mənbələr tərəfindən məlumat verilib. Məlumatlı şəxslərin bildirdiyinə görə, canlanma qarşıdan gələn parlament seçkiləri ilə bağlıdır: "Son beş ildə Milli Məclisdə Naftalanı "təmsil etmiş" Mahir Aslanov namizədliyini yenidən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən irəli sürmək haqda fikirləşir. O bu məsələdə icra başçısı işləyən əmisi oğlu Natiq Aslanova, digər tərəfdən isə Neft Şirkətinin vitse-prezidenti Bədəl Bədəlova arxayındır. İddialara görə, Naftalan şəhəri məhz Bədəl Bədəlovun kurasiyasındadır. İcra başçısı Natiq Aslanov bu dəfə də qohumunun deputat seçilməsi üçün canfəşanlıq göstərəcək. Bu şübhəsizdir. Əslində isə bu dairədən olan seçicilər Mahir Aslanovun yenidən deputat seçilməsini, ümumiyyətlə deputatlığa namizədliyini verməsini istəmirlər. Hazırda Naftalanda parlament seçkiləri ab-havası çox güclüdür. Yerli iş adamlarından bir neçəsi 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliklərini verəcəklərini, Mahir Aslanovun seçilməsinə imkan yaratmayacaqlarını bildiriblər. Bundan xəbər tutan icra hakimi həmin iş adamlarına qarşı mübarizə tədbirlərinə start verib. Deputat olmaq iddiasına düşən sahibkarlar biznes fəaliyyətlərini tamamilə dayandırıb obyektlərini isə özlərinə yaxın şəxslərə həvalə ediblər. Naftalanın rəhbəri bu iş adamlarını fikrindən daşındırmaq məqsədilə onların obyektlərinin fəaliyyətinə yersiz müdaxilələr edir. Yəni onların seçkidə iştirakını önləməyə çalışır. Natiq müəllim həmin şəxslərin Mahir Aslanova ciddi problem yaradacağını bilir. Bu səbəbdən onlara təsir etməyə çalışır".

Başqa mənbələrin iddiasına görə, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən sürpriz bir isim də namizədliyini irəli sürə bilər. Qaynağımız deyir ki, bu şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovdur:

"Keçmiş məmur paytaxt rayonlarından birinə icra başçısı keçmək üçün çox çalışdı, amma alınmadı. Deyilənə görə, Qərib müəllim icra başçısı arzusu puça çıxandan sonra deputatlıq sevdasına düşüb. Bildiyiniz kimi, onun Goranboy və Naftalanda bir neçə iri ticarət obyekti fəaliyyət göstərir. Bəzi mötəbər şəxslərlə əlaqədə olduğunu nəzərə alsaq, onun deputat seçilmək şansları var. Əgər o, sözügedən dairədən namizədliyini irəli sürsə, Mahir Aslanov mandatdan məhrum ola bilər". Görünən odur ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsində qarşıdan gələn parlament seçkiləri çox gərgin keçəcək.

Yazıda adı qeyd olunan bütün şəxslərin münasibətini dərc edə bilərik. (gundelik-baku.com)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...